"Nərimanın aktivliyi sayəsində əks-hücumlardan qol vurmağı bacardılar" - Aslan Kərimov
““Qarabağ”ın Bakıdakı oyunu birinci matçla müqayisədə daha zəif keçdi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında “Qarabağ”ın Macarıstan klubu “Ferençvaroş”la avqustun 20 və 27-də baş tutmuş hər iki matçı müqayisə edən futbol üzrə ekspert Aslan Kərimov deyib.
Onun sözlərinə görə, “Köhlən atlar” cavab oyununda inamsız olsalar da, “Çempionlar Liqası”na yüksəlməyi bacardılar.
Ekspertin fikrincə, ikinci oyunda vurulan qollarda Nəriman Axundzadənin böyük payı olub.
“Bakıda baş tutan oyuda hər iki hissədə “Qarabağ” o qədər də inamlı görsənmirdi. Sözün düzü, onlar Macarıstan komandası qarşında böyük dominantlıq göstərə bilmədilər. Sadecə olaraq hücuma meyilli oyunçular, xüsusilə də Nəriman Axundzadənin aktiv mübarizəsi sayəsində əks hücumdan rəqibi yaxalayaraq qollar vurmağı bacardılar. Amma buna baxmayaraq, 3 qol da buraxdıq.
A.Kərimov Ağdam təmsilçilərinin ikinci oyundakı vəziyyətini Macarıstandakı ilk mərhələ ilə müqayisə edərək bildirib ki, “Qarabağ” ilk hissədə zəif çıxış etsə də, ikinci yarıda üstünlüyü ələ almışdı:
“Ferençvaroş”un Macarıstanda keçirilən oyununda iki ayrı hissə var idi. Burada da “Qarabağ” birinci hissədə inamlı çıxış etməsə də, ikinci mərhələdə rəqibi üstələməyi bacarmışdı.
Son olaraq qeyd edim ki, “Çempionlar Liqası”nın qrupuna düşməyin özü böyük bir tarixi hadisədir. Ona görə də oyunda hansısa səhvlikləri xüsusi olaraq vurğulamaq düzgün sayılmaz”.
Xatırladaq ki, avqustun 27-də Bakıda, Tofiq Bəhrəmov adına stadionda keçirilən oyunda Ağdam təmsilçisi “Qarabağ” Macarıstanın “Ferençvaroş” klubunu ümumilikdə 5:4 hesabı ilə üstələyərək “Çempionlar Liqası”nın qrup mərhələsinə yüksəlib.
Gülbəniz Səfərova






