Nərimanovda əyilmiş ağac təhlükəsi: RİH tədbir görüləcəyini açıqladı
Nərimanov rayonunun Faiq Yusifov küçəsində qəzalı vəziyyətdə olan ağac sakinlərin həyatını təhlükəyə atması ilə bağlı xəbər paylaşmışdıq.
Patrulaz.az-a təqdim olunan fotolardan da göründüyü kimi, əyilmiş vəziyyətdə olan ağacın istənilən an aşma ehtimalı var. Bu səbəbdən vətəndaşlar təhlükə ilə üz-üzə qalaraq onun altından keçməyə məcbur olurlar.
Sakinlərin sözlərinə görə, onlar problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyə qədər heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən Patrul.az-a bildirilib ki, F.Yusifov küçəsi 45 ünvanında təhlükəli vəziyyətdə olan ağacın götürülməsi məqsədilə Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət ünvanlanıb. Qurumdan veriləcək müvafiq rəy əsasında lazımi tədbirlər görüləcək.
Günay Salayeva








