Nəsimidə səkini qanunsuz zəbt edən şəxslərə protokol yazıldı - VİDEO
Paytaxtın Nəsimi rayonunda səkini zəbt edərək qanunsuz parklanma sahəsi yaradan şəxslərlə bağlı tədbir görülüb.
Patrul.az-ın əldə etdiyi məlumata görə, Feyzulla Qasımzadə küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində bir müddət əvvəl naməlum şəxslər tərəfindən zəncirlənərək “özəlləşdirilən” ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Görülən tədbirlər nəticəsində avtomobillərin parklanması üçün quraşdırılmış qanunsuz maneələr aradan qaldırılıb. Həmçinin bu qanunsuz əmələ yol verən şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Qeyd edək ki, sözügedən ərazi sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulub və bu cür müdaxilələr qanunvericiliyə zidd hesab olunur.
Günay Salayeva






