media-inshot_20260121_154817112

Bəzən ən adi görünən səslər belə insanın bütün diqqətini dağıda, ani əsəb, narahatlıq və ya qaçmaq istəyi yarada bilir. Kimisi üçün saatın tıqqıltısı, kimisi üçün çeynəmə səsi və ya yüksək tonda danışıq sadəcə fon səsi deyil, dözülməz bir yükə çevrilir. Bu cür reaksiyalar isə təsadüfi deyil və insan psixikasının, duyğu həssaslığının və həyat təcrübələrinin dərin qatları ilə bağlıdır.

Bəs insan niyə bəzi səslərə dözə bilmir?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, bəzi səslərə dözə bilməmək eşitmə problemi deyil, beynin psixoloji və neyroloji həssas reaksiyası ilə bağlıdır:

“İnsanın bəzi səslərə dözə bilməməsinin səbəbi təkcə eşitmə ilə bağlı deyil, psixoloji və neyroloji mexanizmlərlə əlaqəlidir. Ən çox rast gəlinən səbəblərdən biri misofoniyadır. Bu halda çeynəmə, nəfəs alma, barmaqla masaya vurma, xışıltı kimi səslər beyində adi səs kimi yox, təhlükə və ya qıcıq siqnalı kimi qəbul olunur. İnsan bu səslərə qarşı qəfil əsəb, aqressiya, narahatlıq və hətta panika hiss edə bilər. Bu, zəiflik yox, sinir sisteminin həddən artıq həssas reaksiyasıdır. Digər səbəb emosional əlaqələndirmədir. Bəzi səslər keçmişdə yaşanmış stresli və ya travmatik təcrübələrlə əlaqələnə bilər. Beyin həmin səsi eşidəndə şüuraltı olaraq eyni emosional vəziyyəti yenidən aktivləşdirir”.

media-inshot_20260121_154506958

Psixoloqun sözlərinə görə, bəzi səslərə dözümsüzlük insanın zəifliyi deyil, sinir sisteminin qoruyucu həssas reaksiyasıdır:

“Həmçinin yorğunluq və stres zamanı sinir sistemi daha az tolerant olur. Normalda dözümlü olduğumuz səslər belə bu hallarda dözülməz hala gələ bilər. Bu, beynin artıq yükləndiyinin göstəricisidir. Bəzi insanlarda isə sensor həssaslıq yüksək olur. Bu, xüsusilə diqqət çatışmazlığı, autizm spektri xüsusiyyətləri və ya yüksək həssas temperamentlə əlaqəli ola bilər. Belə insanlar səs, işıq və toxunuşa daha güclü reaksiya verirlər.Qısaca desək, bəzi səslərə dözümsüzlük insanın zəifliyindən yox, sinir sisteminin qoruma mexanizmindən qaynaqlanır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər