Niyə danışdığımız mövzuların reklamı qarşımıza çıxır? - MARAQLI FAKTLAR
Əksər insanın diqqətini çəkən bir məqam var: Dostlarımızla hər hansı məhsuldan danışırıq, bir az sonra sosial şəbəkədə onun reklamı qarşımıza çıxır. Bu təsadüfdür, yoxsa telefonlarımız bizi “dinləyir”?
Patrulaz.az bizi düşündürən bu mövzu barədə araşdırma aparıb.
Əslində sosial şəbəkələr və axtarış sistemləri istifadəçilər haqqında inanılmaz dərəcədə çox məlumat toplayır. Bizim axtardığımız sözlər, bəyəndiyimiz paylaşımlar, hətta hansı saytda nə qədər vaxt keçirdiyimiz belə izlənilir. Bu məlumatlar xüsusi alqoritmlərlə analiz olunaraq, bizə maraqlı ola biləcək reklamların göstərilməsi üçün istifadə olunur.
Bəzi hallarda cihazın mikrofonunun da rolu barədə şübhələr var. Rəsmi olaraq şirkətlər bunu inkar etsələr də, istifadəçilərin çoxu təsadüflərin həddindən artıq çox olduğunu düşünür. Əslində isə bu, “təxmini proqnoz” mexanizmi ilə izah olunur – alqoritmlər davranışlarımızı o qədər dəqiq oxuyur ki, sanki fikrimizi bilir.
Beləliklə, qarşımıza çıxan reklamlar təsadüf deyil. Onlar bizim gündəlik hərəkətlərimiz, seçimlərimiz və maraqlarımızın güzgüsüdür. Burada maraqlı bir sual ortaya çıxır: Biz reklamı seçirik, yoxsa reklam bizi…?
Ləman Sərraf






