media-inshot_20250821_172812521

Texnologiyanın sürətli inkişafı ilə yaranan yeni vasitələr artıq insan həyatının ayrılmaz hissəsinə çevrilib. Xüsusilə, 2018-ci ildən etibarən müxtəlif versiyaları ilə insanların gündəlik həyatına daxil olan ChatGPT onların sirdaşı və məsləhətçisi rolunu oynamağa başlayıb. Bir zamanlar radionu, daha sonra isə televiziyanı mobil telefon əvəz edirdisə, bu gün həmin telefonların içində yer alan süni intellekt prosesləri insanları özünə cəlb edir.

ChatGPT ortaya çıxması ilə özündə həm müsbət, həm də mənfi tərəflər gətirib. Müsbət tərəfi odur ki, insan saniyələr içində istədiyi məlumatı əldə edir, həmçinin öz dərdini “chat” vasitəsilə bölüşə bilir. Lakin mənfi tərəfləri də az deyil. İnsanlar artıq süni intellektə həddindən artıq güvənməyə başlayıb və həyatlarında mühüm qərarları belə onun göstərişlərinə əsasən verməyə çalışırlar. Məsələn, bu yaxınlarda bir cütlük xaricə səyahət üçün viza məsələlərində ChatGPT-yə müraciət edib, lakin nəticədə aldadılaraq geri qayıtmaq məcburiyyətində qalıblar. Süni intellekt yalnız sevənlərə məsləhət verməklə kifayətlənmir, onları ayırmağa da yardımçı olur. ABŞ və Çində chatbotlara aşiq olan, münasibətlərini pozan cütlüklərin sayı getdikcə artdığı üçün artıq bu ölkələrin rəhbərlikləri həyəcan təbili çalmağa başlayıblar. Azərbaycanda isə bir gənc sevgilisinin ondan ayrılmasının səbəbini ChatGPT-də görərək, onu məhkəməyə vermək fikrinə düşüb.

Maraqlıdır ki, süni intellektlə bu qədər sıx ünsiyyət insanlığı hara aparacaq? İnsanlar nəyə görə xəstəlik həddində ChatGPT ilə danışmaq istəyirlər?

Bunun psixoloji tərəfləri barəsində psixoloq Aytən Ələkbərova Patrulaz.az – a öz fikirlərini bölüşdü.

Psixoloqun sözlərinə görə, ChatGPT-yə üz tutan insanlar emosional baxımdan daha zəif, özünəqapanıq şəxslər olurlar. ChatGPT-dən uzaq olan insanlar isə daha çox canlı ünsiyyət qurmağa üstünlük verirlər:

“ChatGPT-lə ünsiyyətin insanlara təsiri onların psixotemperamentindən də asılıdır. Emosional insanlar adətən süni intellektlə yazışmaq istəmirlər, çünki onlar canlı ünsiyyətə üstünlük verirlər. Necə ki, bəzi uşaqlar telefona sahib olsalar belə, emosional boşluqlarını oyun meydançasında dostları ilə oynamaq və yaxud canlı ünsiyyətlə doldurmağa çalışırlar.

ChatGPT-lə ünsiyyətə meyilli insanlar isə əksinə, daha çox qapanıqlı nümayiş etdirirlər. Onlar ya ümumiyyətlə ünsiyyət qurmaqda çətinlik çəkirlər, ya da danışanda inadkarlığa meyilli olurlar. Belə şəxslər üçün əsas olan “dediyimə aldığım cavab məni qane edirmi?” sualıdır. Yəni cavab onları qane etdiyi halda həmin süni intellektlə emosional bağlılıq formalaşmır, sadəcə praktik ünsiyyət yaranır”.

media-img-20250821-wa0006

Psixoloq Aytən Ələkbərova öz müşahidələrinə əsaslanaraq bildirir ki, insanlar ChatGPT-də özləri üçün ikinci bir “mən” yaradır və dediklərini bu botların verdiyi məsləhətlərlə haqlı çıxarmağa çalışırlar:

“Bu yaxınlarda mənə edilən müraciətlərdən birində bir qadın həyat yoldaşı barədə şikayətlənərək “biz eyni dünyaların insanları deyilik” deyib ayrılmaq istədiyini söyləmişdi. Belə hallarda insanın psixi xüsusiyyətlərindəki müəyyən xasiyyət qüsurları üzə çıxır. Bu qüsurlar ortaya çıxdıqda insan çox vaxt özünü haqlı çıxarmağa çalışır. Elə bil, içindəki “mən”ini ChatGPT-də təsdiq edir və bu təsdiq vasitəsilə özünə bəraət qazandırır. Nəticədə həmin insan ünsiyyət dairəsini daraldaraq yalnız süni intellektlə yazışmağa üstünlük verir.

ChatGPT-lə ünsiyyətin fəsadlı formaları da müşahidə oluna bilər. Bu zaman insan getdikcə daha çox qapanır, real ünsiyyət bacarıqlarını itirir və nəticədə digər insanlarla münasibətlərində istənilən nəticəni əldə edə bilmir.”

Gülbəniz Səfərova


Bənzər xəbərlər