“Ölkə Başçısının keçirdiyi görüşlər Azərbaycana mühüm dividentlər gətirəcək”- SİYASİ EKSPERT
“Hazırda dünyanın əsas diqqəti yenidən Davosa yönəlib. Belə ki, dünyanın bir çox ölkələrindən dövlət və hökumət başçıları, eyni zamanda tanınmış iş adamları və mühüm şirkət rəhbərlərinin Davos İqtisadi Forumu çərçivəsində görüşləri baş tutur. Belə bir dünya əhəmiyyətli tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin də növbəti dəfə iştirak etməsi böyük əhəmiyyətə malikdir”.
Bu sözləri “Patrulaz”a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, son bir neçə gün ərzində Azərbaycan dövlət başçısının keçirdiyi mühüm görüşlər və yaratdığı təmaslar Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir: “Xüsusilə vurğulamaq lazımdır ki, ölkə rəhbərinin görüşləri qarşı tərəfin təklifi və istəyinə uyğun keçirilir. Artıq bir çox görüşlər baş tutub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm dünyanın aparıcı, nüfuzlu şirkət rəhbərləri, həm də dünya ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşləri ölkəmiz üçün ciddi əhəmiyyət daşıyır.
Davos Forumu daha çox iqtisadi xarakter daşıdığı üçün Azərbaycanın gələcək iqtisadi inkişafı üçün də əhəmiyyətlidir. Davosda keçirilən görüşlər zamanı hər zaman olduğu kimi yenə də Azərbaycanın xarici sərmayələrə açıq ölkə kimi önə çıxması, həmçinin ölkəmizin etibarlı və nüfuzlu tərəfdaş kimi çıxış etməsi də Azərbaycan üçün böyük önəm daşıyan amillərdən biridir. Bütövlükdə ölkə başçısının keçirdiyi görüşlər Azərbaycana mühüm dividentlər gətirəcək”.






