Onlayn dələduzluqla bağlı polisə müraciət üçün hansı sübutlar tələb olunur? - AÇIQLAMA
Onlayn dələduzluq halları son illərdə artıb və vətəndaşların maliyyə təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu cür hadisələrdə polisə müraciət etmək üçün hansı sübutların tələb olunduğu maraq doğur.
Bəs, belə hallarda polisə müraciət etmək üçün hansı konkret sübutlar təqdim edilməlidir?
Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, onlayn dələduzluqla bağlı sübutlar zərərçəkmiş ifadəsi, şahidlər, elektron yazışmalar və digər sənədlər vasitəsilə toplanmalı və obyektiv yoxlanılmalıdır:
“Onlayn dələduzluq cinayətlərinin araşdırılması və hüquq-mühafizə orqanlarına müraciət üçün əsas sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmişdir. Sübutlar dedikdə, cinayət hadisəsinin baş verdiyini, təqsirləndirilən şəxsin həmin əməli törətdiyini və digər əhəmiyyətli halları təsdiq edən məlumatlar, sənədlər və əşyalar başa düşülür. Sübutların əsas növləri aşağıdakılardır: zərərçəkmiş və şahid ifadələri, ekspert rəyi, maddi sübutlar (məsələn, elektron yazışmalar, ödəniş qəbzləri), istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlərdir. Sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, onların mənbəyi və mötəbərliyi müəyyən edilməlidir”.

B. Umudov onlayn dələduzluq hallarında aşağıdakı sübutların xüsusilə əhəmiyyətli olduğunu qeyd etdi:
“- Elektron yazışmalar (e-mail, sosial şəbəkə mesajları, messencer yazışmaları və s.)
– Bank köçürmələri və ödəniş qəbzləri
– Ekran görüntüləri və ya video qeydlər
– Şahid ifadələri (əgər varsa)
– Zərərçəkmişin ərizəsi və izahatı
– Ekspert rəyi (məsələn, elektron izlərin araşdırılması üçün)
Məhkəmə və istintaq orqanları təqdim olunan sübutların hər birini ayrıca və məcmu şəkildə qiymətləndirir, onların cinayət hadisəsinin baş verdiyini və təqsirləndirilən şəxsin təqsirini təsdiq edib-etmədiyini müəyyən edir.
Ali Məhkəmənin Plenumunun mövqeyinə əsasən, dələduzluq işlərində hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətləri və bunu təsdiq edən sübutlar tam və hərtərəfli araşdırılmalıdır”.
Hüquqşünasın sözlərinə görə, yalnız qanuni yolla əldə edilmiş sübutlar məhkəmədə etibarlıdır:
“Zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, şəxs həmin sübutları tələb etmək barədə vəsatətlə istintaq orqanına müraciət edə bilər.
Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd edilən sübutlar yalnız qanunla müəyyən edilmiş qaydada əldə edildikdə hüquqi qüvvəyə malik olur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir”.
Cəmilə Cəfərzadə






