Oturaq iş sağlamlığımıza necə zərər vurur? - Gözardı edilən sakit təhlükə
Masa arxasında keçən saatlar, kompüter qarşısında donub qalan bədənlər və hərəkətsiz bir iş mühiti… Bütün bunlar 21-ci əsrin normal iş tərzinə çevrilib. Amma Beynəlxalq Sağlamlıq Təşkilatları xəbərdarlıq edir ki, oturaq həyat tərzi, siqaret çəkmək qədər təhlükəlidir.
Patrulaz.az oturaq işin hansı fəsadlara səbəb olduğu barədə araşdırma aparıb.
Hərəkətsizlik: Beynəlxalq təşkilatların xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) bildirir ki, dünyada 1.4 milyard insan fiziki olaraq qeyri-aktivdir. Bu isə illik 5 milyondan çox ölümə səbəb olan sağlamlıq riskləri deməkdir.
Amerika Ürək Assosiasiyası (AHA) isə 2019-cu il hesabatında yazır:
“Uzun müddət hərəkətsiz oturmaq ürək-damar sisteminə təzyiqi artırır, qan dövranını zəiflədir və piylənmə ilə nəticələnir”.
Onurğa və boyun sağlamlığına təhdid

Ortopediya üzrə məşhur avstraliyalı həkim Dr. Peter O’Sullivan deyir ki, bədənin təbii forması hərəkətə uyğun yaradılıb. Hər gün saatlarla oturmaq onurğa üçün zərərli bir dövrana çevrilir.
Uzun müddətli oturmaq fəqərəarası disklərin sıxılmasına, bel ağrısı, boyun gərginliyi və disk yırtığı riskinə yol açır. Üstəlik, bu problemlər özünü təkcə bədəndə problem şəklində deyil, emosional gərginlik və baş ağrıları kimi də göstərir.
Ürək-damar xəstəlikləri: Qlobal araşdırmaların göstəriciləri

Amerika Xərçəng Cəmiyyəti (American Cancer Society) tərəfindən aparılan 14 illik bir araşdırmada göstərilib ki, gündə 6 saatdan çox oturan qadınların ölüm riski, gündə 3 saatdan az oturanlarla müqayisədə 37% daha yüksəkdir. Kişilər üçün bu göstərici 18%-dir.
Kardioloq Dr. David Alterin sözlərinə görə, (Toronto Universiteti) saatlarla oturmaq qan damarlarının elastikliyini azaldır. İdman etsəniz belə, bu passivliyin yaratdığı riski tam aradan qaldırmaq olmur.
Metabolik sindrom və diabet riski

Amerikanın Mayo Klinikası tərəfindən aparılan tədqiqatlar göstərir ki, hərəkətsiz həyat tərzi insulin müqavimətini artırır. Bu isə 2-ci tip şəkərli diabet, piylənmə, qaraciyər piylənməsi və hormonal pozuntulara yol açır.
Endokrinoloq Dr. James Levine:
“İnsan oturduqca kalorilər yandırılmır, yağlar yığılır. Bu sadəcə piylənmə deyil, bir metabolik yavaşlamadır”.
Levine eyni zamanda “Sitting is the new smoking” (Oturmaq yeni siqaretdir) ifadəsinin müəllifidir.
Mental sağlamlığa təsiri: Depressiya və stressin artması

2020-ci ildə İngiltərənin King’s College London Universitetində aparılan araşdırmada oturaq həyatın anksiyete və depressiya ilə əlaqəsi aşkarlanıb.
Psixiatriya üzrə mütəxəssis Dr. Sarah-Jeanne Salvy bildirir ki, bədən hərəkətsiz olduqda, beyində dopamin və serotonin ifrazı azalır. Bu da motivasiya itkisi və emosional pozğunluqlara səbəb olur.
Varikoz, tromboz və damar genəlməsi

Yaponiyada aparılan bir araşdırmaya əsasən, gündə 8 saatdan çox oturan şəxslərdə ayaq damarlarında qan durğunluğu və varikoz riski 2.7 dəfə artır.
Tromboz üzrə mütəxəssis Dr. Beverly Hunt (UK) qeyd edib ki, təkcə uzun uçuşlardan sonra deyil, masa arxası işindən sonra da tromboz yarana bilər. Bu ‘ofis sindromu’ adlanır və ölümcül ola bilər.
Nə etməli? – Beynəlxalq tövsiyələr və həll yolları
– Hər 30 dəqiqədən bir qalxıb 2 dəqiqə gəzin.
– Hündürlüyü tənzimlənən masa istifadə edin.
– Ayaq və bel məşqləri edin – ofis üçün sadə “chair yoga” metodları var.
– Telefonla danışarkən gəzin.
– Gündə 20-30 dəqiqə tempolu gəzinti və ya yüngül idman vacibdir.
Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir:
– Hər bir yetkin şəxs həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivlik göstərməlidir.
Nəticədə, oturaq həyat rahat görünsə də, bədənin sükut içindəki fəryadıdır. Gözlə görünməyən, lakin hər gün içimizdə gizlincə formalaşan xroniki xəstəliklərə qarşı tədbir almaq lazımdır. Bədən bizdən təkcə iş deyil, hərəkət də istəyir.
Ləman Sərraf






