media-inshot_20250808_200743971

Ötən günlərdə Sabirabadda yaşlı bir kişinin 4 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etdiyi görüntülər yayılmışdı. Yaşanan bu sarsıdıcı hadisə bir daha göstərdi ki, uşaqların təhlükəsizliyi yalnız ailələrin deyil, bütün cəmiyyətin məsuliyyətidir. Sosial şəbəkələrdə yayılan görüntülərdə yaşlı bir kişinin azyaşlı bir qıza qarşı sərgilədiyi iyrənc davranışlar hər kəsi hiddətləndirdi. Bu, yalnız əxlaqsızlıq deyil, pedofiliya adlanan psixoseksual bir pozuntunun təzahürüdür.

Bəs pedofiliya nədir?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Pedofiliya, yəni yunan dilindən “pedo” (uşaq) və “philia” (sevmək) sözlərindən yaranan bu termin psixologiyada uşaqlara qarşı cinsi meyil kimi tanınır. Bu, tibbi və hüquqi baxımdan ağır bir pozuntu sayılır. Pedofil insanlar cinsi cəhətdən yetkin olmayan, adətən 13 yaşdan kiçik uşaqlara qarşı istək və fantaziyalarla yaşayırlar.

Kimlərə pedofil deyilir?

Psixiatriyada bir şəxsin pedofil sayılması üçün təkcə bir dəfə belə bir davranış göstərməsi kifayət deyil. Bu şəxslər:

– 6 ay və ya daha uzun müddət boyunca uşaqlara qarşı cinsi maraq göstərir;

– Bu maraqlarını fantaziya, davranış və ya real hərəkətlərlə ifadə edir;

– Əksər hallarda öz yaş qrupuna və ya yetkin insanlara qarşı maraq göstərmir.

Bu bir cinsi oriyentasiya deyil, pozğunluq və xəstəlikdir. Həm psixoloji diaqnoz kimi tanınır, həm də bir çox ölkələrdə ağır cinayət sayılır.

Pedofillər necə seçilir?

Təəssüf ki, pedofillər çox zaman ictimaiyyətin “normal” saydığı rollara bürünür: müəllim, qonşu, qohum, hətta ailə üzvləri ola bilər. Onlar uşaqlarla ünsiyyətə girmək üçün müxtəlif yollar tapır, onların etibarını qazanmağa çalışır. Buna “grooming”, yəni uşaqla emosional bağ quraraq onu sui-istifadəyə hazırlamaq deyilir.

Hüquqi və cəmiyyətin rolu

Azyaşlılara qarşı cinsi istismar bütün dünyada ciddi cinayət sayılır. Azərbaycanda da bu cür hallara görə ağır cəzalar nəzərdə tutulub. Amma qanun qədər vacib olan cəmiyyətin həssaslığı və maariflənməsidir. Uşaqlara şəxsi sərhədlər, “yox” demək haqqı, bədən toxunulmazlığı öyrədilməlidir. Valideynlər, müəllimlər, ümumiyyətlə azyaşlıların ətrafındakı hər kəs ayıq olmalıdır.

Pedofiliya yalnız fərdi bir problem deyil. Bu, cəmiyyətin üzləşdiyi xroniki və təhlükəli bir təhdiddir. Onu gizlətmək, üz çevirmək, sadəcə utancaqlıqla izah etmək kifayət deyil. Maarifləndirmə, qoruma və sərt hüquqi addımlar bu çirkinliyin qarşısını almaq üçün yeganə yoldur.

Ləman Sərraf 


Bənzər xəbərlər