Pentaqon İrana qarşı “son zərbə” planlarını hazırlayır
Pentaqon İrana qarşı “son zərbə” ilə bağlı bir neçə variant üzərində işləyir. Bu planlara quru qoşunlarının tətbiqi və genişmiqyaslı bombardmanlar da daxil ola bilər.
Patrul.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, danışıqlarda irəliləyiş əldə olunmazsa və Hörmüz boğazı ətrafında gərginlik, o cümlədən onun bloklanması davam edərsə, hərbi eskalasiya ən real ssenariyə çevrilə bilər.
“Bəzi ABŞ rəsmiləri hesab edir ki, döyüş əməliyyatlarını yekunlaşdırmaq üçün gücün sarsıdıcı nümayişi sülh danışıqlarında əlavə təsir imkanları yarada bilər və ya Donald Tramp üçün bunu ‘qələbə’ kimi təqdim etmək imkanı verər”, , deyərək materialda bildirilir.
ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton dörd əsas “son zərbə” variantını nəzərdən keçirir:
Xark adasına müdaxilə və ya onun blokadası;
Larak adasına müdaxilə (İranın Hörmüz boğazına nəzarətində mühüm rol oynayır);
Əbu Musa adasının ələ keçirilməsi;
Boğazın şərq hissəsində İran neftini ixrac edən gəmilərin ələ keçirilməsi;
Bundan əlavə, ABŞ hərbçilərinin İran ərazisinin dərinliklərində yerləşən nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranın təhlükəsizliyini təmin etmək üçün quru əməliyyatları planları da hazırladığı bildirilir.
Eyni zamanda, vurğulanır ki, belə mürəkkəb və riskli əməliyyatlar əvəzinə ABŞ alternativ olaraq həmin obyektlərə hava zərbələri endirməyi də nəzərdən keçirə bilər. Bu addım İranın urana çıxış imkanlarını məhdudlaşdırmağa yönəlmiş strategiya kimi qiymətləndirilir.
Aynur Nadirqızı






