Pezeşkian: "İranın cavab verməkdən başqa çarəsi qalmadı"
İran Prezidenti Məsud Pezeşkian region ölkələrinə ünvanlanan açıqlama ilə çıxış edib.
Patrul.az xəbər verir ki, o, rəsmi “X” hesabında paylaşım edərək İranın gərginliyin qarşısını diplomatik yollarla almağa çalışdığını bildirib.
Prezident qeyd edib ki, Tehran müharibənin qarşısını almaq üçün bütün siyasi imkanlardan istifadə etsə də, ABŞ və İsrailin hərbi addımları İranı cavab verməyə məcbur edib. Onun sözlərinə görə, yaranmış vəziyyət Tehranın başqa seçim imkanını aradan qaldırıb.
Məsud Pezeşkian paylaşımında xüsusilə Körfəz ölkələrinə müraciət edərək İranın qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşdığını vurğulayıb. O, ərəb və fars dillərində etdiyi paylaşımda “Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq” ifadəsini işlədib.
İran prezidenti bildirib ki, regionda təhlükəsizlik yalnız bölgə ölkələrinin kollektiv səyləri ilə təmin edilə bilər və Tehran bu prinsipə sadiq qalır.






