Pnevmaniya hansı hallarda ölümcül ola bilər?
Ötən il Azərbaycanda pnevmoniyaya yoluxmada artım müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qeydə alınan xəstələrin sayı 64 min 227 (2023-cü ildə 58 min 507 nəfər) nəfər olub.
Bəs pnevmaniya nədir və hansı hallarda ölümə səbəb olur?
Patrulaz.az-ın araşdırmasına görə, pnevmaniya yəni ağciyər iltihabı, tənəffüs yollarının ən ciddi xəstəliklərindən biridir. O, bakteriya, virus və ya nadir hallarda göbələk mənşəli infeksiyalar nəticəsində yaranır. Xəstəlik zamanı ağciyərlərdə hava kisəcikləri irin və maye ilə dolur, bu isə nəfəs almanı çətinləşdirir.
Əlamətləri adətən qəfil başlayır. Yüksək hərarət, güclü öskürək, bəlğəmin artması, titrətmə, sinədə ağrı və nəfəs darlığı pnevmaniyanın ən əsas göstəriciləridir. Uşaqlar, yaşlı insanlar və immun sistemi zəif olan şəxslər üçün bu xəstəlik daha təhlükəlidir.
Pnevmaniya müalicə olunmadıqda və ya gec diaqnoz qoyulduqda ciddi fəsadlara – qan zəhərlənməsi, ağciyər çatışmazlığı, hətta ölümə gətirib çıxara bilər. Xüsusilə ürək və ya xroniki tənəffüs xəstəlikləri olanlarda risk daha da artır.
Xəstəliyin qarşısını almaq üçün mövsümi peyvəndlər, güclü immunitet, soyuqdəymə zamanı vaxtında həkimə müraciət etmək və sağlam həyat tərzi vacibdir.
Ləman Sərraf






