Politoloq: “Tarif siyasəti Tramp hakimiyyətinin nüfuzuna zərbə vura bilər”
Ağır tarif siyasəti ilə gündəmi zəbt edən ABŞ Prezidenti Donald Trampın ticarət siyasətində yumşalma əlamətləri görünməyə başlayıb. Uzun müddət sərt və aqressiv yanaşması ilə yadda qalan Tramp, son açıqlamalarında Çin məhsullarına tətbiq olunan tariflərin 50 faizə qədər endirilə biləcəyini bəyan edib. “Wall Street Journal”ın yazdığına görə, bu qərar ticarət müharibəsinin tonunun aşağı salınacağına dair siqnal kimi dəyərləndirilir. Bu zaman maraqlı sual ortaya çıxır: “Tramp geri addım atır, yoxsa yeni strategiyaya keçir?” Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən politoloq Rəşad Bayramov hesab edir ki, bu, təkcə iqtisadi deyil, həm də siyasi məqsədlərlə atılmış addımdır:
“Trampın tarif siyasəti indiki mərhələdə həm ABŞ-ni özündə, həm də dünyanın dörd bir yanındakı iş adamlarına iqtisadi baxımdan mənfi təsir edir. Dövlətlər və şirkətlər yeni ticarət zəncirlərinin qururlması və Trampın tarif siyasətinin yaratdığı çətinliklikəri minimallaşdırmaq üçün yollar axtarırlar. Məsələ burasındadır ki, uzun müddətli perspektivdə Trampın tarif siyasəti ölkə iqtisadiyyatı üçün yeni imkanlar aça bilər. Yəni, ayrı-ayrı ölkələrə, məsələn, ucuz işçi qüvvəsi və münasib vergilər səbəbilə Çinə yatırım edərək istehsal sahələri yaradan böyük şirkətlər bu ticarət müharibəsindən ziyan görməmək üçün öz bizneslərini ABŞ-ə köçürə bilərlər. Bu təbii ki, ABŞ iqtisadiyyatını gücləndirə, yeni iş yerlərinin açılmasına və ölkə gəlirlərinin artmasına imkan verər.
Amma bu, qısa zaman kəsimində həllini tapa biləcək məsələ deyil. İndiki halda bu siyasət ABŞ daxilində kəskin qiymət artımına səbəb olur. Belə ki, indiyə qədər ABŞ bazarına daxil olan məsələn, 100 dollar dəyərində məhsul artıq ölkələrdən asılı olaraq 110-140 dollara, Çindən gələn məhsullar isə 145 % daha baha qiymətə bazara daxil olur. İkinci bir tərəfdən ABŞ-nin özündə də istehsal sahələri ayrı-ayrı ölkələrdən əldə edilən xammaldan istifadə edirlər. İndi həmin xammal və ya ABŞ istehsalçısı üçün lazım olan hər hansı başqa bir mal baha qiymətə əldə edilir ki, bu da özlüyündə qiymət artımına səbəb olur. Bu isə ölkə daxilində Tramp hakimiyyətinin nüfuzuna zərbə vura bilər və biz artıq müəyyən etiraz aksiyalarına da şahidlik edirik.
Ona görə də Tramp ilk olaraq bəzi ölkələr üçün tətbiq edilən tarifləri 90 günlük müddətə dayandırmaq haqqında qərar qəbul etdi. İndi isə Çinə tətbiq olunan tarifləri azalda biləcəyindən danışır. Məlumdur ki, Trampın 145 faizlik tariflərinə cavab olaraq Çin də ABŞ məhsullarına 125 fazi vergi tətbiq edib. Çin həmçinin smartfonlardan tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər yüksək texnologiyalı cihazlarda istifadə olunan kritik mineralların ixracına nəzarəti də gücləndirib. Bu da öz növbəsində Çin bazarında ABŞ məhsullarının qiymətini artmasına və nəticədə bu məhsullara tələbatın azalmasına gətirib çıxarır. Bu da təbii olaraq ABŞ-nin maraqlarına cavab vermir.
Bu günlərdə Beynəlxalq Valyuta Fondu da qlobal iqtisadi artım proqnozunu aşağı salaraq tariflərin yaratdığı qeyri-müəyyənliyin xüsusilə ABŞ iqtisadiyyatına zərbə vurduğunu bildirib. Üç gün əvvəl isə ABŞ Maliyyə Naziri Scott Bessent belə yüksək tariflərin faktiki olaraq iqtisadi embarqo təşkil etdiyini etiraf edib və vurğulayıb ki, ticarət müharibəsi hazırkı formada dayanıqlı deyil.
Odur ki, indi Tramp da Çinlə ticarət qarşıdurmasında sərt mövqeyini yumşalda biləcəyinə işarə edir. Ticarət müharibəsinin ABŞ iqtisadiyyatına artan təzyiqi Trampı əvvəlki aqressiv ritorikadan nəzərəçarpacaq dərəcədə uzaqlaşmağa məcbur edir”.
Gülbəniz Səfərova