media-9bcd55d5-bed0-496c-ac00-aca53750cd1f

Rusiya ilə İran arasında strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur. Vladimir Putin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Bu saziş Moskva ilə Tehran arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlığın hüquqi əsasını formalaşdırır. Müdafiə, enerji, nəqliyyat, sənaye, maliyyə, kənd təsərrüfatı və texnologiya kimi sahələri əhatə edən razılaşma tərəflərə “strateji tərəfdaş” statusu verir. İranın xarici işlər naziri Abbas Araqçi bu sənədi “iki ölkə arasında əməkdaşlığın göstəricisi” adlandıraraq, əlaqələrin bütün sahələrdə dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Putin isə bildirib ki, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional məsələlərdə koordinasiya bölgədə sabitliyin güclənməsinə xidmət edir. Hər iki ölkənin müxtəlif sahələr üzrə əməkdaşlığını gücləndirməyə vadar edən əsas səbəbləri Patrulaz.az-a politoloq Tural İsmayılov şərh etdi:

“İran-Rusiya münasibətlərində heçvaxt kəskin ziddiyyət müşahidə edilməyib. Reallıqda İran və Rusiya regionda bir-biri ilə rəqabət aparan ölkələrdir.
Sadəcə olaraq, beynəlxalq münasibətlər sistemində hər iki ölkənin həyata keçirdiyi siyasət onların təcridinə gətirib çıxarır. Nəticədə də Qərbdən Rusiya və İrana qarşı çox güclü sanksiya hücumları həyata keçirilir. Buna görə də Tehran və Moskva sanksiyalar qarşısında məcbur qaldıqları üçün əməkdaşlıq etməyə çalışırlar. Son dövrlərdə də hər iki ölkənin əməkdaşlığının daha da dərinləşməsi tendensiyası müşahidə edilir. Daha əvvəl də olduğu kimi, iqtisadi baxımından bir-birinə dəstək olan İran və Rusiya, sonrakı dövrlərdə də hərbi sənaye sahəsində müxtəlif əməkdaşlıq formatları ortaya qoydular”.

media-00e7850a-8512-40a3-bfbc-f4a8f8aad051
Politoloq Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın getdikcə daha da dərinləşdiyini vurğuladı. Onun sözlərinə görə, xüsusilə İran istehsalı olan “Şahid” tipli PUA-ların Rusiya tərəfindən istifadə edilməsi, tərəflər arasında hərbi-strateji yaxınlaşmanın bariz nümunəsidir. Məhz bu cür əməkdaşlıq Qərb dövlətləri tərəfindən narahatlıqla qarşılanır:

“Xüsusilə də Rusiya arsenalında İran istehsalı olan “Şahid” PUA-larının mövcudluğu, bu iki ölkə arasındakı əməkdaşlığın digər dövlətlər tərəfindən həzm edilməməsi tendensiyasına səbəb oldu. Son dövrlərdə Tehran və Rusiyanın iqtisadi, ticari, siyasi, hərbi, sənaye anlamında əməkdaşlığın daha da güclənməsi müşahidə ediləcəkdir. Rusiya özəlliklə Ukrayna müharibəsində sazişə doğru getdikcə regiondakı digər ölkələrlə əməkdaşlığı gücləndirmək xəttini daha üstün tutacaq”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər