“Prezidentin CGTN kanalına müsahibəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımdan çox əhəmiyyətlidir” – ŞƏRH
“Prezidentin Çinin CGTN (China Global Television Network) telekanalına müsabibəsi ilk müsahibə deyildi. Dövlət başçısı bundan əvvəl də həmin telekanala müsahibə vermişdi və həmin müsahibə də indiki kimi geniş auditoriya tərəfindən rəğbətlə izlənilmişdir. Çin kimi böyük auditoriyaya malik və dünyanın ayrı-ayrı yerlərində də izlənilən CGTN kanalına müsahibə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin ayrı-ayrı məsələlərlə bağlı mövqeyinin bəyanı baxımından olduqca əhəmiyyətlidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, ölkə başçısı müsahibədə İkinci Qarabağ savaşı, ərazilərimizin 30 ildən artıq işğal altında qalmasına Beynəlxalq birliyin susqunluğu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan Qətnamələrin icra edilməməsi ilə bağlı ətraflı məlumat verməklə yanaşı ölkəmizin hədəflərini, iqtisadi gücünü də nümayiş etdirmiş oldu.
Ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlərdən danışan Prezident vurğuladı ki, bunlardan ən mühümü beynəlxalq hüququn normaları əsasında mümkün olan ərazi bütövlüyünün bərpasıdır. Azərbaycan sabitliyin qorunub saxlanılmasına və özünü təmin edən iqtisadiyyatın inkişafına yönəlmiş müstəqil xarici siyasət yürüdür, öz milli maraqlarını daim qətiyyətlə müdafiə edir və xarici çağırışlara baxmayaraq, mühüm uğurlar qazanır.
Ölkə başçısı çoxqütblü dünyada Azərbaycanın yeri və rolu haqqında danışaraq müstəqilliyimizi əldə etdikdən bəri dayandığımız yerdə olduğumuzu və baxışlarımızda hər hansı dəyişiklik olmadığını bildirdi. regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirdiyini və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutduğumuzu vurğuladı. Ölkə başçısı xüsusi olaraq qeyd etdi ki, indiyə qədərki fəaliyyətimizdə hər zaman milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və bizim üçün hər zaman prioritet milli maraqlarımızın müdafiəsindən ibarət olub.
Müsahibədə digər vacib məqam ölkəmizin nəqliyyat imkanları ilə bağlı idi. Prezident nəqliyyat əlaqələri sahəsində əməkdaşlığın vacibliyinə toxunaraq ölkəmizin Şərqlə Qərb arasında yüklərin daşınmasını təmin edən Orta Dəhliz layihəsində əsas rol oynaya biləcəyini dedi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan müstəqilliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və beynəlxalq tərəfdaşlığa yönəlmiş xarici siyasətini fəal şəkildə inkişaf etdirməkdə davam edir.
Müsahibədə imperialist keçmişi olan ölkələrin bu gün də eyni siyasəti davam etdirməsinə də toxunuldu və Prezident tərəfindən açıq şəkildə bəyan edildi ki, hər bir ölkənin başqalarının işlərinə müdaxilə etməsindənsə diqqəti öz gündəminə yönəltməsi lazımdır. Həqiqətən də ayrı-ayrı imperialist güclərin başqalarının işlərinə müdaxiləsinə son qoyularsa o zaman münaqişələr, narazılıqlar, müharibələr də olmaz. Təəssüf ki, imperialist keçmişə malik ölkələr hələ də öz fəaliyyətlərini başqalarına nəyisə diqtə etmək üzərində qururlar ki, bu da nəticədə dünyada qeyri-sabit vəziyyətin olmasına və qan tökülməsinə gətirib çıxarır. Çünki Prezidenti də qeyd etdiyi kimi əgər kiminsə, hansısa dövlətin üzərində dominantlıq etmək istəyi varsa bu təbii olaraq müqavimətə gətirib çıxarır. Bu illər ərzində Azərbaycan olaraq biz güclü iqtisadiyyat qurmaqla, milli ideologiyamızı kənar təsirlərdən qorumaqla özümüzü ayrı-ayrı güclərin daxili işlərimizə müdaxiləsindən qoruya bilmişik”.