"Psixoloji təsir qiymətləri sürətləndirə bilər" - İqtisadçıdan bazar xəbərdarlığı
Son dövrlərdə minimum əmək haqqının artırılması ilə bağlı müzakirələr yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Rəsmi açıqlamalarda sosial rifahın yüksəldilməsi, əhalinin gəlirlərinin artırılması və sosial ədalətin gücləndirilməsi kimi məqsədlər ön plana çəkilir. Xüsusilə artan yaşayış xərcləri, ərzaq və xidmət qiymətlərində müşahidə olunan dəyişikliklər fonunda bu məsələ cəmiyyət üçün daha həssas xarakter alıb. Əmək haqlarının artırılması bazarda alıcılıq qabiliyyətinə müsbət təsir göstərsə də, paralel olaraq qiymət artımı riski də yarada bilər.
Belə bir şəraitdə əsas sual ortaya çıxır: minimum əmək haqqının artırılması əhalinin real gəlirlərini artıraraq qiymət artımını üstələyə biləcəkmi?
Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, minimum əmək haqqının artırılması sosial baxımdan müsbət qiymətləndirilsə də, praktikada nə əmək bazarında ciddi canlanma yaradır, nə də qiymət artımı riskini tam aradan qaldıra bilir:
“Minimum əmək haqqının hər il artırılması ümumilikdə pozitiv yanaşmadır, lakin bunun əmək bazarına təsiri o qədər də böyük deyil. Hazırda minimum əmək haqqı 400 manatdır. Bakı və ətrafında bu məbləğə işləmək istəyənlərin sayı isə məhduddur. Təxminən 60 minə yaxın aşağı maaşlı vakant yer olsa da, insanlar müraciət etmirlər. Çünki 400 manatlıq maaşın əhəmiyyətli hissəsi nəqliyyat və digər xərclərə gedirsə, işləmək onlar üçün cəlbedici olmur. Minimum əmək haqqının artırılması prinsipcə müsbət addımdır. Ən azı, bu məbləğdən aşağı maaşın verilməsi həm özəl, həm də dövlət sektorunda mümkün olmur. Lakin minimum əmək haqqı və minimum təqaüd artdıqca bu, bazarda psixoloji təsir yaradır və qiymət artımının sürətlənməsinə də səbəb ola bilir”.

İqtisadçı bildirir ki, minimum əmək haqqı artdıqca 800 minə yaxın şəxsin Dövlət Sosial Müdafiə Fondu-na ödənişləri də artır və bu, əlavə maliyyə yükü yaradır:
“Digər mühüm məqam isə ondan ibarətdir ki, minimum əmək haqqı artırıldıqca təxminən 800 min nəfərin DSMF-yə (Dövlət Sosial Müdafiə Fondu) ödənişləri də avtomatik olaraq artır. Qanunvericilikdəki bu bağlılığın aradan qaldırılması məqsədəuyğun olardı ki, minimum əmək haqqının artımı həmin şəxslər üçün əlavə maliyyə yükü yaratmasın”.
Cəmilə Cəfərzadə






