media-inshot_20260223_143627019

Son günlər sosial şəbəkələrdə yayıla “pul ödəyərək istənilən “Whatsapp” hesabını izləyə bilərsiniz” tipli elanlar cəmiyyətdə narahatlıq doğurub. Bununla da şəxsi məlumatların qorunması və onlayn təhlükəsizlik mövzuları yenidən gündəmə gəlib.

Bəs həqiqətən hər insan istənilən şəxsin “Whatsapp” hesabını ələ keçirə bilərmi? Bu tipli elanlara nə qədər güvənmək olar?

Mövzu ilə bağlı Patrul.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov bildirib ki, sosial şəbəkələrdə yayılan “pul qarşılığında istənilən “WhatsApp” hesabını izləmə” vədləri 99% hallarda fırıldaqçılıq məqsədi daşıyır və texniki reallıqdan uzaqdır:

“”WhatsApp” tətbiqi ucdan-uca şifrələnmə metodundan istifadə etdiyi üçün mesajlar server səviyyəsində deyil, yalnız göndərən və qəbul edən cihazlarda deşifrə olunur. Bu o deməkdir ki, kənar bir şəxs sadəcə telefon nömrəsini bilməklə və ya uzaqdan hansısa proqram vasitəsilə mərkəzi sistemə sızıb mesajları oxuya bilməz. Bu tip elanlar adətən maraqlı olan şəxslərin özlərini hədəf alır: ödəniş edildikdən sonra ya fırıldaqçı yoxa çıxır, ya da qarşı tərəfi izləmək üçün göndərilən “proqram” əslində ödəniş edən şəxsin öz məlumatlarını oğurlayan casus proqram (spyware) olur”.

media-inshot_20260223_143200205

E.Abbasovun fikrincə, “WhatsApp” hesabının ələ keçirilməsi yalnız istifadəçinin ehtiyatsızlığı nəticəsində, məsələn, telefona gələn 6 rəqəmli təsdiq kodunun fırıldaqçıya verilməsi və ya “WhatsApp Web” vasitəsilə cihazın fiziki olaraq başqası tərəfindən skan edilməsi ilə mümkündür:

“Müasir kibertəhlükəsizlik standartları fərdi şəxslərin kütləvi şəkildə belə bir texnoloji gücə sahib olmasını qeyri-mümkün edir. Bu səbəbdən, belə elanlara güvənmək həm maddi itkiyə, həm də şəxsi məlumatlarınızın təhlükə altına düşməsinə səbəb ola bilər. Ən etibarlı qorunma üsulu isə tətbiqdə “İkimərhələli təsdiqləmə” (Two-step verification) funksiyasını aktiv saxlamaqdır”.

Ləman Sərraf


Bənzər xəbərlər