Qadınları estetik əməliyyatlara həvəsləndirən “gizli güc” nədir? – PSİXOLOJİ İZAH
Son zamanlar ictimaiyyətdə narahatlıq doğuran məsələlərdən biri də qadınların estetik əməliyyat etdirərək bir-birinə bənzəməsidir. Təəssüf ki, bəzən lazım oldu-olmadı, bir çox qadın bu əməliyyatlara müraciət edir.
Bu, gözəlləşmək ehtirasıdır, cazibəli görünmək yarışıdır, yoxsa kütləvi psixozdur?
Qadınları estetik əməliyyatlara həvəsləndirən və bunu kütləviləşdirən əsas səbəblər hansılardır?
Mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Patrul.az-a fikirlərini bölüşüb:
“Bu məsələni sadəcə estetik seçim kimi yox, daha geniş psixoloji və sosial kontekstdə qiymətləndirmək lazımdır. Son illərdə qadınların bir-birinə bənzəməsi tendensiyası təsadüfi deyil və bu, fərdi qərardan daha çox kollektiv təsirlərin nəticəsidir. Əvvəlcə onu qeyd edim ki, insanın gözəlləşmək istəyi tamamilə təbii və sağlam ehtiyacdır. İnsan özünü yaxşı hiss etmək, öz bədənindən razı olmaq istəyir. Problem bu ehtiyacın necə formalaşması və hansı istiqamətə yönəlməsidir. Əgər bu istək daxili qəbuldan, özünə hörmətdən doğursa, bu, sağlamdır. Amma əgər bu, müqayisə, qəbul edilmə qorxusu və ya sosial təzyiqdən qaynaqlanırsa, artıq psixoloji risk zonası başlayır”.
Psixoloq qeyd edib ki, hazırda sosial media güclü normativ mexanizmə çevrilib:
“İnsanlar artıq real insanlarla deyil, filtrdən keçmiş, standartlaşdırılmış ‘ideal obrazlarla’ özlərini müqayisə edirlər. Bu isə fərdi kimliyin zəifləməsinə gətirib çıxarır. Nəticədə ‘özüm kimi olmaq’ deyil, ‘başqası kimi görünmək’ motivasiyası yaranır. Bu, psixologiyada identifikasiya və sosial müqayisə mexanizmləri ilə izah olunur. İnsan özünü dəyərli hiss etmək üçün kütlənin qəbul etdiyi modelə yaxınlaşmağa çalışır”.
Müsahibin sözlərinə görə, burada bazar və kommersiya faktoru da ciddi rol oynayır:
“Estetik sənaye yalnız tibbi xidmət deyil, həm də güclü marketinq sistemidir. Müəyyən üz formaları, dodaq ölçüləri, burun tipləri trend kimi təqdim olunur və bu trend psixoloji olaraq ‘norma’ kimi qəbul edilir. İnsanlar fərqində olmadan bu normaya uyğunlaşmağa başlayır. Bu artıq fərdi seçim deyil, yönləndirilmiş davranışdır.
‘Kütləvi psixoz’ ifadəsi isə burada bir qədər sərt səslənsə də, müəyyən mənada kollektiv davranışın irrasionallaşmasını ifadə edir. Yəni insanlar qərar verərkən fərdi analizdən çox, emosional təsir altında və kütlənin təsiri ilə hərəkət edir. Xüsusilə özünə inamı zəif olan, sosial təsdiqə daha çox ehtiyac duyan şəxslər bu təsirə daha açıq olur.
Bunun arxasında duran əsas psixoloji səbəblərdən biri də bədən obrazı ilə bağlı narazılıqdır. İnsan özünü olduğu kimi qəbul etmədikdə, xarici müdaxilə ilə daxili boşluğu doldurmağa çalışır. Amma bu, adətən davamlı olmur. Bir əməliyyatdan sonra digərinə ehtiyac yaranır. Bu, artıq bir növ asılılıq davranışına çevrilə bilər. Cəmiyyət olaraq burada diqqət etməli olduğumuz əsas məsələ fərqliliyin dəyər kimi təqdim olunmasıdır”.
Gözəlliyin vahid standart olmadığını xatırladan psixoloq bildirib ki, hər bir insanın özünəməxsusluğu onun ən böyük üstünlüyüdür:
“Psixoloji sağlamlıq da məhz bu fərqliliyin qəbulundan başlayır. Ona görə də qadınların estetik əməliyyatlara yönəlməsi təkcə gözəllik ehtirası deyil. Bu, sosial medianın təsiri, bazar mexanizmləri, özünə inam problemləri və kollektiv davranış modellərinin birgə nəticəsidir. Burada əsas məsələ insanın özünü necə gördüyü və dəyərləndirdiyidir. Əgər bu dəyişməzsə, heç bir xarici dəyişiklik uzunmüddətli məmnunluq yaratmayacaq”.
Ləman Sərraf






