"Qalatasaray"da Osimhen şousu: “Ayaks” azarkeşləri şoka düşdü
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Türkiyə təmsilçisi “Qalatasaray” Amsterdamda “Ayaks”ın qonağı olub və rəqibini 3:0 hesabı ilə məğlub edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, “Yohan Kroyf Arena”da keçirilən görüşdə meydan sahibləri matça Pasveer, Gaaei, Sutalo, Baas, Wijndal, Regeer, Klaassen, Mokio, Gloukh, Godts və Weghorst ibarət start heyəti ilə çıxıb.
Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” isə görüşə Uğurcan Çakır, Sinqo, Sançes, Abdülkerim Bardakcı, Jakobs, Lemina, Torreira, Sane, Sara, Sallai və Osimhendən ibarət “11-lik”lə başlayıb.
Matçın qəhrəmanı nigeriyalı hücumçu Viktor Osimhen olub. O, 59, 66 və 78-ci dəqiqələrdə vurduğu qollarla het-trik edərək “sarı-qırmızılar”a vacib 3 xal qazandırıb.
Bu qələbə ilə “Cimbom” xallarının sayını 9-a yüksəldərək qrupda iddiasını davam etdirir. “Ayaks” isə bütün görüşlərdə məğlub olaraq xalsız sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Çempionlar Liqasının 5-ci turunda “Qalatasaray” səfərdə “Union Saint-Gilloise” ilə qarşılaşacaq, “Ayaks” isə doğma meydanda “Benfika”nı qəbul edəcək.
Gülbəniz Səfərova






