Qapıdan eşidilən bir kəlmə taleyi dəyişə bilər? - "Qulaq falı" haqqında BİLMƏDİKLƏRİMİZ
Hazırda ölkəmizdə hər il olduğu kimi Novruz bayramı təntənəli şəkildə qeyd olunur. Bu bayram baharın gəlişinin, təbiətin oyanmasının sevincidir. Novruz yeniliyin, bolluq və bərəkətin, təmizliyin və saflığın rəmzi kimi xalqımızın həyatında xüsusi yer tutur. Ona görə də bayram ərəfəsində xanımlarımız evlərdə geniş təmizlik işləri aparır, süfrələri isə müxtəlif nemətlərlə bəzəyirlər.
Novruz süfrəsinin əsas atributu isə səmənidir. Səməni yazın gəlişini və həyatın canlanmasını işarə edir. Bu bitki həm süfrənin bəzəyi, həm də bərəkət və ruzi rəmzi sayılır. Onun necə boy atması isə yeni ilin necə keçəcəyinə dair bir işarə kimi qəbul edilir.
Bu bayram təkcə Azərbaycanda deyil, Yaxın Şərqin bir çox ölkələrində də qeyd olunur. Bayrama hazırlıq həftələr öncədən başlayır. Xüsusilə Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbələr təbiətin dörd ünsürünü təmsil edir və müxtəlif inanclar, mərasimlərlə müşayiət olunur.
Novruzun özünəməxsus adət-ənənələri də var: Papaq atmaq, tonqal üzərindən tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək və niyyət tutub qulaq falına çıxmaq bu ənənələr sırasında xüsusi yer tutur. Bu adətlər arasında ən maraqlılarından biri məhz qulaq falıdır.
Qulaq falı daha çox gənc qızlar arasında yayılıb. İnsanlar ürəklərində bir niyyət tutur və gizlicə qonşunun qapısı arxasında dayanaraq eşitdikləri ilk sözə əsasən niyyətlərinin həyata keçib-keçməyəcəyini yozurlar. Qədim dövrlərə bağlı inanca görə, eşidilən sözün müsbət və ya mənfi olması həmin niyyətin taleyini həll edir. Buna görə də bayram axşamı evlərdə daha çox xoş və ümidverici sözlər danışmağa çalışılır.
Həmçinin də inanclara görə, Novruzun axır çərşənbəsində və bayram gecəsində göydəki mələklər yerə enir və insanların dediklərini qeyd edir. Bu səbəbdən eşidilən ilk söz “ilahi mesaj” kimi qəbul olunur. Əgər kimsə qapı arxasında pis söz eşidərsə, bu, həm niyyətin baş tutmayacağına, həm də həmin evin ruzisinin azalacağına işarə sayılır.
Bəzi bölgələrdə qulaq falına gedənlər özləri ilə simvolik əşyalar da götürür:
- Açar – bağlı bəxtin açılması
- Su – aydınlıq və təmizlik
- Güzgü – düzgünlük və saflıq
Eşidilən sözlərin yozumu isə xalq arasında belə izah olunur:
- “İşığı yandır” – işlərin yoluna düşəcəyi və aydınlıq
- “Gəl” – arzunun tezliklə həyata keçəcəyi
- “Get” – işin gecikəcəyi və ya xeyirsiz olacağı
- “Yox” – niyyətin baş tutmayacağı
- “Çay süz” – bərəkət və qonaqlı günlər
Qədim adətə görə, bəzi insanlar qulaq falına gedərkən yolda təsadüfi səsləri eşitməmək üçün qulaqlarını bağlayar, yalnız qonşu qapısına çatdıqda açardılar. Bu, niyyətin pozulmaması üçün edilirdi.
Müasir dövrdə bu ənənə müəyyən dəyişikliklərə uğrasa da, tamamilə yox olmayıb. Çoxmərtəbəli binalarda domofon və dəmir qapılar səbəbindən qapı pusmaq çətinləşib. Buna baxmayaraq, gənclər binanın dəhlizində, lift gözləyərkən və ya küçədə təsadüfi eşitdikləri sözləri fal kimi qəbul edirlər.
Bəzi hallarda qulaq falı rəqəmsal mühitə də uyğunlaşdırılıb. Gənclər niyyət tutaraq telefonda ilk gələn mesaja baxır, televiziya və ya radionu açaraq eşitdikləri ilk cümləni yozurlar. Bu, ənənənin müasir forması kimi qəbul edilir.
Əgər xoşagəlməz söz eşidilərsə, xalq inanclarına görə, “Ağırlığım, uğurluğum bu suya getsin” deyərək suya baxmaq neqativ enerjinin aradan qaldırılması üçün bir vasitə sayılır.
Bütün bu inanclar və adətlər göstərir ki, qulaq falı təkcə mistik bir ənənə deyil, həm də insanlar arasında xoş söz demək, mehriban münasibət qurmaq və müsbət düşünmək kimi dəyərləri təşviq edir. Novruz isə məhz bu dəyərlərin yaşadıldığı, birlik və ümidin gücləndiyi bayram olaraq öz əhəmiyyətini qoruyub saxlayır.






