“Qarabağ”ın tarixi qələbəsi toy mərasimində də izlənildi – VİDEO
Avqustun 27-də Bakıda keçirilən Tofiq Bəhramov adına Respublika stadionunda Macarıstanın “Ferentsvaroş” futbol klubu ilə “Qarabağ” arasında baş tutan gərgin matç bir çox maraqlı hadisələrlə yadda qalıb.
Patrulaz.az xəbər verir ki, cavab oyununda “Qarabağ” 2:3 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsi ilə ümumi 5:4 hesabla “Ferentsvaroş”u turnirdən kənarlaşdıraraq Çempionlar Liqası mərhələsinə yüksəldi.
Maçla bağlı sosial şəbəkələrdə yayılan görüntülər isə onun nə qədər dəyərli olduğunu göstərib. Belə ki, Azərbaycanda keçirilən toy mərasimlərindən birində qonaqlar həm rəqs edib, həm də böyük ekranda nümayiş olunan “Qarabağ” oyununu izləməyi unutmayıblar.
Xatırladaq ki, maçdan sonra hər iki klubun baş məşqçisi oyunun gedişatını və nəticələrini şərh edib. Çıxış zamanı klubun baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin təbrikinə münasibət bildirərək, bunun qarşısında məsuliyyətin daha da artacağını bildirib:
“Cənab Prezident bizi təbrik etdi. O da uzun illər idi ki, belə bir böyük turnirdə “Qarabağ”ı görmək istəyirdi. Prezident təbriki ilə göstərdi ki, gözü üzərimizdədir və bizim məsuliyyətimiz bir daha da artdı”.
“Ferencvaros”un baş məşqçisi Robbi Kin isə məğlubiyyətdən məyus olduğunu dilə gətirib:
“İki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik. Təssüf ki, bu alınmadı. Ümumilikdə cəmi bir top fərqlə uduzduq. Oyunda bəxtimiz gətirmədi”.
Robbi Kin, həmçinin “Qarabağ” klubunda Kadi Borgesin yaxşı futbolçu olduğunu vurğulayıb:
“Qarabağ heyətində Kadi Borges çox yaxşı futbolçudur. Mən onunla təxminən iki həftə vaxt keçirdim. O, bizim heyətimizdə olarkən futbolçu keyfiyyətlərini tam görə bilməmişdik. Bununla belə, hazırda Ferencvaros heyətində də güclü futbolçular var”.
Qeyd edək ki, Qurban Qurbanov komandası ilə daha əvvəl 2017-ci ildə qitənin qrup mərhələsinə vəsiqə qazanmışdı.






