İDDİA! Qaraçuxurda yeni tikinti ərazisində gizli təzyiq: sayğac oğurluqları sakinləri qorxudur - VİDEO
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, bina 7 ünvanında yerləşən yaşayış sahəsi yenidən planlaşdırmaya düşüb.
Patrulaz.az xəbər verir ki, ərazidə yaxın zamanda “Günəşli İnşaat” MTK tərəfindən yeni binaların inşası nəzərdə tutulur.
Məlumata görə, ərazidəki bir çox sakinlər yeni tikiləcək binalardan mənzil veriləcəyi şərti ilə evlərini tərk etməyə razılaşıblar. Lakin 9 ev sahibi razılaşmayaraq pul qarşılığında kompensasiya tələb edir.
Son günlər bu ərazidə diqqətçəkən hadisələr baş verib. Sakinlərin sözlərinə görə, son 10 gün ərzində üç evin su sayğacı oğurlanıb. “Azərsu” əməkdaşları hadisə yerinə gələrək həmin evlərdə yeni sayğaclar quraşdırıblar.
Sakinlər bildirirlər ki, ərazidə indiyə qədər sayğac oğurluğu kimi hallara rast gəlinməyib. Lakin əksər ev sahiblərinin köçdüyü vaxtdan etibarən belə hadisələrin baş verməsi narahatlıq doğurur. Onların sözlərinə görə, bu, razılaşmayan sakinlərə təzyiq göstərmək məqsədi daşıya bilər.
Hazırda məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub. Sakinlər ümid edirlər ki, hadisələr araşdırılacaq və günahkarlar müəyyən edilərək qanun qarşısında layiqli cəzalarını alacaqlar.






