Qarpız tumunu udmaq nə qədər təhlükəlidir?
Qarpız yay aylarının ən sevilən meyvəsidir. Amma hamımızın uşaqlıqdan eşitdiyi bir xəbərdarlıq var: “Tumunu udma, qarnında bitəcək!” Bu inanc tamamilə mifdir. Əslində qarpız tumunu udmağın qarında cücərməsi mümkün deyil.
Patrulaz.az-ın araşdırmasına görə, tibbi baxımdan qarpız tumu kiçik miqdarda udulduqda zərərsizdir, orqanizm onu həzm edə bilmədiyi üçün sadəcə xaric olunur. Hətta bəzi araşdırmalar tumun tərkibində faydalı yağ turşuları və antioksidantlar olduğunu göstərir. Lakin söhbət çox miqdarda tum udmaqdan gedirsə, bu, xüsusilə uşaqlarda həzm sistemində çətinlik yarada, bəzən də bağırsaq tıxanıqlığına səbəb ola bilər.
Xüsusi ilə mədə-bağırsaq xəstəlikləri olan, həzm sistemi həssas insanlara qarpız tumunu çox udmamaq tövsiyə olunur. Əks halda şişkinlik, qarında narahatlıq yarada bilər.
Yəni qarpız tumunu təsadüfən udmaq qorxulu deyil, amma məqsədli şəkildə çox miqdarda yemək də sağlamlıq üçün yaxşı fikir deyil.
Ləman Sərraf






