Qarşımızdakının yalan danışdığını necə anlaya bilərik? – 10 ƏLAMƏT
Hər gün rastlaşdığımız insanlar arasında kimlərin səmimi, kimlərin isə reallıqdan uzaq danışdığını ayırd etmək o qədər də asan olmur. Müasir dövrdə yalanlar təkcə şəxsi münasibətlərdə deyil, həm də maliyyə, peşə və sosial həyatda ciddi nəticələrə səbəb ola bilir.
Patrulaz.az olaraq apardığımız araşdırmada, yalan danışan insanları müəyyən etməyə kömək edə biləcək 10 açıq bədən dili və psixoloji əlaməti təqdim edirik:
1. Nitqin axıcılığı pozulur
Yalan danışan insanlar danışarkən fikirlərini toparlamaqda çətinlik çəkirlər. Cümlələri uzatmaq, tez-tez “həə”, “yəni”, “bilmirəm” kimi keçid ifadələrindən istifadə etmək, danışıqda pauzalar yaratmaq bu halın göstəricisidir. Bu, həmçinin onların uydurduqları fikirləri beynində formalaşdırmaq üçün zamana ehtiyac duyduqlarını göstərir.
2. Göz kontaktı dəyişir
Əksəriyyət düşünür ki, yalan danışan insan göz təmasından qaçar. Bəzi hallarda bu doğrudur. Amma təcrübəli yalançılar tam əksinə, sizə uzun müddət baxaraq inandırmağa çalışa bilər. Əsas məsələ, baxışın “dondurulmuş” və ya qeyri-təbii olub-olmamasıdır.
3. Bədən dili və sözlər uyğun gəlmir
İnsanlar dürüst danışarkən, bədən hərəkətləri və sözləri bir-birini tamamlayır. Məsələn, “bəli” deyərkən başını təsdiqləyici şəkildə tərpədirlər. Amma yalançılar bəzən “hə” deyərkən başlarını “yox” işarəsi ilə yelləyə bilər. Bu tip uyğunsuzluq, yalanın açıq əlamətlərindəndir.
4. Üzə və ağıza toxunmaq
Vanessa Van Edvards və digər tədqiqatçılara görə, insanlar yalan danışanda burnuna, ağzına və ya çənəsinə toxunurlar. Bu, şüuraltı olaraq həqiqəti örtmək istəyindən qaynaqlanır. Eyni zamanda gərginlik, narahatlıq bədənə bu şəkildə yansıyır.
5. Səs tonunda dəyişiklik
Səsi bir qədər qalxmış və ya azalmış şəkildə eşitmək mümkündür. Bu, danışanın emosional vəziyyətindən xəbər verir. Məsələn, gərginlik zamanı boğazda quruluq, səs titrəməsi və ya anormal şəkildə yüksəlmiş tonla qarşılaşmaq mümkündür.
6. Yersiz hərəkətlər və ya donma
Yalan danışan biri ya həddindən artıq hərəkət edir, ya da tam əksinə donub qalır. Əllərin sıxılması, barmaqların əsəbi hərəkəti, ayaqların yerində tərpənməsi və ya tam hərəkətsizlik qeyri-təbii haldır və müşahidəçiyə bir siqnal verir.
7. Detallardan yayınmaq və ya çox detal vermək
Bəzi yalançılar özlərini qorumaq üçün konkret suallardan yayınır və sadəcə “bilmirəm”, “əmin deyiləm” deyirlər. Bəziləri isə əksinə, inandırmaq üçün süni şəkildə çoxlu detal əlavə edir. Bu təfərrüatlar əksər hallarda şişirdilmiş və məntiqsiz olur.
8. Təsdiq olunmuş normal davranışa uyğun gəlməmək
Yalan danışan şəxsi anlamaq üçün onun normal vəziyyətdə necə davrandığını bilmək vacibdir. Əgər hər zaman sakit danışan biri birdən-birə yüksək tonla, əsəbi şəkildə reaksiya verirsə, bu davranışda nəsə anormal ola bilər.
9. Qeyri-verbal aqressiya
Əgər bir şəxs sizə qarşı qəfil barmaqla göstərmək, yüksək səslə danışmaq, günahı başqasının üzərinə atmaq kimi aqressiv müdafiəyə keçirsə, bu da yalanı gizlətmək üçün bir taktikadır. Bu vəziyyətlərdə soyuqqanlılıq saxlamaq və müşahidəçi olmaq daha doğrudur.
10. Yalançı olduğunu etiraf etməyə yaxınlaşan davranış
Araşdırmalar göstərir ki, bəzən insanlar özlərini “yaxşı yalançı” kimi təqdim edərək, sanki bu xüsusiyyətlə öyünürlər. Bu tip insanlara həddən artıq güvənmək yanlış ola bilər. Çünki bu, onların yalanı bir həyat tərzinə çevirdiyini göstərə bilər.
İstər şəxsi, istərsə də ictimai münasibətlərdə səmimiyyəti ayırd etmək üçün müşahidə qabiliyyətimizi artırmalı, insanlara birbaşa deyil, dolayı yolla baxmağı öyrənməliyik. Həqiqət özünü daim təkrar etsə də, yalan unudulmağa məhkumdur. İnam yaratmaq çətindir, onu itirmək isə bir saniyəyə bəs edir.
Gülbəniz Səfərova






