Qax rayonunundakı ekoloji terrora aidiyyəti qurumlar niyə göz yumur? - VİDEO
Qax rayonunun Turaclı kəndində qanunsuz fəaliyyət göstərən kömür mədəni ekoloji çirklənməyə səbəb olur.
Patrulaz.az-a daxil olan məlumatda bildirilir ki, Qax rayonunun Turaclı kəndindəki fındıq bağında kustar üsullarla düzəldilmiş avadanlıqlar vasitəsilə meşə ağacları kütləvi şəkildə qırılır, odunlar yandırılaraq kömürə çevrilir. Əldə olunan görüntülərdə də səliqəsiz şəkildə yığılmış odunlar, qapqara torpaq, yanmış ağac qalıqları və natəmizlik aydın görünür. Bir sözlə, ərazi zibilliyə çevrilib.
Sakinlər isə mövcud vəziyyətdə nəfəs almaqda çətinlik çəkir. Bu mənzərə isə bura heç bir dövlət qurumunun nəzarətinin olmadığını sübut edir.
Qeyd edək ki, kömür istehsalı ekoloji cəhətdən zərərli olduğuna görə, belə obyektlər üçün havanı çirkləndirməmək məqsədilə xüsusi filtrlərdən istifadə olunur. Lakin qeyri-qanuni fəaliyyət göstərən bu mədəndə nə filtr, nə də nəzarət var.
Bu isə ətraf mühitin çirklənməsi ilə yanaşı, insan sağlamlığı üçün də təhlükə yaradır.
Görünür, meşənin talanması da, insanların boğulması da heç kimi maraqlandırmır.
Sözügedən mədən nə qanuna, nə də ekoloji qaydalara riayət edir. İcazəsiz fəaliyyət göstərən obyekt həm meşəni məhv edir, həm də filtrsiz işlədiyi üçün havanı zəhərləyir.
Gülbəniz Səfərova