Qazaxıstan dağlarında faciə: Bir turist öldü, digəri xilas edildi
Qazaxıstanda yerləşən “Sayramski” zirvəsinə qalxmaq istəyən turistlər faciə ilə üzləşiblər.
Patrulaz.az “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, Rusiya vətəndaşı, 28 yaşlı Andrey Orlov və Özbəkistan vətəndaşı, 29 yaşlı Akmal Mahkamov 4238 metr hündürlükdə yerləşən zirvəyə bələdçisiz və xüsusi avadanlıq olmadan çıxmağa cəhd ediblər. Lakin çətin marşrutda hər iki turist təhlükə ilə qarşılaşıb.
Turistlərdən uzun müddət xəbər ala bilməyən yaxınları narahat olaraq, xilasedicilərə müraciət ediblər.
Bundan sonra başlanan axtarışlara Alpinizm Federasiyasının mütəxəssisləri, 18 xilasedici və mühafizəçi, həmçinin dronlar və “Kazaviaspas” helikopteri cəlb olunub.
Axtarış zamanı xilasedicilər Andrey Orlovla səsli əlaqə yarada biliblər. O, qayaya yapışaraq kömək istədiyini bildirib. Çətin relyef səbəbindən helikopterin yaxınlaşması mümkün olmasa da, xilasedicilər piyada hərəkət edərək rusiyalı turisti xilas edə biliblər.
Hadisə zamanı onun dostu Akmal Mahkamov isə dərəyə yıxılaraq həlak olub. Onun meyiti də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gülbəniz Səfərova






