media-585a3aa3-59e0-4635-891b-71781004c1b2

Patrulaz.az-a daxil olan məlumata görə, Qəbələ rayonunun bəzi yaşayış sahələrində artıq bir aya yaxındır ki, su verilişi dayandırılıb. Yayın ən isti günlərində əhalinin su problemi ilə üz-üzə qalması, xüsusilə də azyaşlı uşaqlı ailələr üçün ciddi narahatlıq doğurur.

Vətəndaşlardan biri redaksiyamıza müraciətində bildirib ki, bütün şikayətlərə baxmayaraq problemə hələ də rəsmi şəkildə reaksiya verilmir:

“Evimizdə körpə uşaq var. Bu istidə susuz qalmaq nə deməkdir axı? Bəzi məhəllələrdə ümumiyyətlə su yoxdur, bəzilərində isə çox zəif şəkildə verilir. Deyilənə görə, su ancaq otellərə ötürülür ki, turistlər narahat olmasın. Belə çıxır ki, qonaqlar istirahət etsin deyə biz öz evimizdə əziyyət çəkməliyik?”

Şikayətçi əlavə edir ki, Qəbələdə turist axını olan dövrlərdə adi sakinlərin su təchizatı kənarda qalır, bu isə sosial ədalətsizlik kimi qiymətləndirilir. Onun sözlərinə görə, məsələ ilə bağlı bir neçə instansiyaya müraciət edilsə də, nə konkret cavab verilir, nə də problem həll olunur.

Hazırda Qəbələnin hansı konkret ərazilərində su verilişinin tamamilə dayandığı və səbəbin nədən ibarət olduğu ilə bağlı aidiyyəti qurumlardan açıqlama almaq mümkün olmayıb. Məlum olan odur ki, sakinlərin səbir kasası artıq dolub və problemi ictimailəşdirməkdən başqa yolları qalmayıb.


Bənzər xəbərlər