"Qərəzli təbliğat Qarabaqdakı reallıqlar qarşısında iflasa uğrayır" - Arzuxan Əlizadə
“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, informasiya diplomatiyasının və qlobal dialoq təşəbbüslərinin növbəti mühüm göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin Şuşada bir araya gəlməsi Azərbaycanın artıq təkcə regionun deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olan dövlətlərdən birinə çevrildiyini təsdiqləyir. Forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Bu, həm Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dünyaya nümayişi, həm də işğaldan azad olunmuş torpaqlarda həyatın tam bərpa olunduğunu göstərən mühüm mesajdır”.
Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışarkən səsləndirib.
Millət vəkili forum çərçivəsində jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyevin çıxışında yer alan əsas məqamlara da münasibət bildirib:
“Prezident İlham Əliyevin forum çərçivəsindəki çıxışı həm regional, həm də qlobal proseslərlə bağlı mühüm mesajları əhatə etdi. Dövlət başçısı dezinformasiyanın və informasiya manipulyasiyalarının müasir dünyanın ən ciddi problemlərindən birinə çevrildiyini vurğulayaraq medianın məsuliyyətinin daha da artdığını bildirdi. Bu gün informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsidir və həqiqətə əsaslanan jurnalistika beynəlxalq münasibətlərdə etimadın formalaşması üçün mühüm amildir. Prezidentin bu istiqamətdə verdiyi mesajlar yalnız Azərbaycan üçün deyil, bütün dünya mediası üçün aktual çağırış kimi qiymətləndirilməlidir.
Çıxışda Azərbaycanın xarici siyasət kursu, postmünaqişə dövründə bölgədə sülhün təmin olunması istiqamətində atdığı addımlar, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq perspektivləri də geniş şəkildə diqqətə çatdırıldı. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regionun inkişafını qarşıdurmada deyil, əməkdaşlıqda görür. Bu yanaşma ölkəmizin beynəlxalq hüquqa söykənən prinsipial mövqeyini bir daha ortaya qoydu”.

Həmsöhbətimiz forum çərçivəsində müxtəlif ölkələrin media nümayəndələrinin Qarabağa səfər etməsinin əhəmiyyətini də vurğulayıb:
“Forum çərçivəsində müxtəlif ölkələrin media nümayəndələrinin Azərbaycana, xüsusilə Qarabağa səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Onlar bölgədə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və yaradılan müasir infrastruktur layihələrini öz gözləri ilə görmək imkanı əldə edirlər. Bu isə illərdir ölkəmizə qarşı aparılan qərəzli təbliğatın iflasa uğramasına, həqiqətlərin beynəlxalq auditoriyaya birbaşa çatdırılmasına xidmət edir.
Ümumilikdə, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini daha da möhkəmləndirən, Şuşanı qlobal fikir və media platformasına çevirən mühüm tədbirdir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarını, regional sülh siyasətini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bu forum həm ölkəmizin beynəlxalq imicinin güclənməsinə, həm də Azərbaycanın dünyaya çatdırmaq istədiyi həqiqətlərin daha geniş auditoriyaya təqdim olunmasına mühüm töhfə verəcək”.
Gülbəniz Səfərova






