"Tökülən qanların qisası zəfərlə nəticələnən döyüş meydanında alındı" - Millət vəkili
“1918-ci ilin mart aylarında erməni daşnakları bolşeviklərlə birləşərək azərbaycanlılara qarşı soyqırımı törədib. Martın 31-də isə onlar hücuma keçərək Bakı və onun ətraf ərazilərindəki kəndlərdə, Şamaxı, o cümlədən Qubada insanlığa sığmayan vəhşiliklər törədiblər”.
Bu sözləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə baş verənləri bir daha xatırladaraq deyib.
Millət vəkili bu hadisələrin beynəlxalq aləmdə tanınmasında həmin soyqırımı zamanı dəhşətləri qələmə alan almanın rolunu xüsusi vurğulayıb:
“Bu dövrdə bir almanın Bakıda olması və gördüklərini qələmə alması, bütün bu vandallıq və soyqırımı təsvir edərək qeyd etməsi göstərir ki, ermənilər heç nəyə baxmadan – qadınlara, uşaqlara, hamilələrə, qocalara rəhm etmədən hər birini qətlə yetirir, şişə çəkir, onların əzalarını doğrayırdılar. Hətta martın 31-dən sonrakı günlərdə divara mıxlanmış qadınları da görmək olardı”, – deyə o bildirib.
Təsəvvür edək ki, o dövrdə Şamaxıda 58, Qubada 122 kənd tamamilə dağıdılıb və insanlar vəhşicəsinə qətlə yetirilib. Bütün bu qətliamlar o dövrün məlumat məhdudluğu, Azərbaycanın harayının eşidilməməsi, bolşeviklərin və digər qüvvələrin hökmranlığı səbəbindən geniş yayılmayıb. Bununla belə, həmin dövrdə həm Bakıda, həm də digər bölgələrdə qəhrəman Azərbaycan oğulları silahsız olsalar belə, öz ailə üzvlərinin namusunu və şərəfini qorumaq üçün erməni daşnakları və bolşeviklərə qarşı mübarizə aparıblar. Onlar qəhrəmancasına şəhid olub və bu mübarizə ilə dövrün qəhrəmanlarına çevriliblər”.

V.İskəndərov Mart soyqırımı zamanı törədilən vəhşiliklərə siyasi qiymət verilməsində, eləcə də Azərbaycanın yenidən qurulmasında Ulu Öndər Heydər Əliyevin göstərdiyi səyləri yüksək qiymətləndirib:
“1990-cı illərdə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsi və Ulu Öndərin hakimiyyətə gəlməsi ilə erməni vəhşiliklərinə siyasi qiymət verilməsinə başlanılıb. 26 mart 1998-ci ildə Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunub və bu məsələyə siyasi qiymət verilib. Ölkəmiz bu ağır və təlatümlü mərhələdən keçsə də, sınmadı, əyilməz olaraq qürurunu qoruyub saxladı, vətənpərvərlik ruhunu inkişaf etdirdi. Ulu Öndərin dövründə qısa müddət ərzində Azərbaycan ordusu formalaşmağa başladı. Hətta Kəlbəcər və digər ərazilərdə uğurlar əldə edildi. Bunu görən ermənilər atəşkəs rejiminə razı oldular və həmin ildə atəşkəs əldə edildi. Bundan sonra ordu quruculuğuna start verildi, dövlətçilik institutları möhkəmləndirildi – bir sözlə, Azərbaycan yenidən qurulmağa başladı”.
Həmsöhbətimiz Azərbaycana Zəfər qazandıran Prezident İlham Əliyevin “dəmir yumruq” siyasətini də xatırladıb:
“Ulu Öndərin şah əsəri olan Azərbaycan Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi və bu gün qalib Azərbaycana çevrildi. Ölkəmiz həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində azərbaycanlılara qarşı törədilən bütün qətliamların qisasını döyüş meydanında aldı və böyük Zəfər qazandı. Bu gün biz Mart soyqırımını, Xocalı soyqırımını, Kəlbəcərdə Tunel soyqırımını və digər faciələri unutmuruq, onları tarixdə yaşadırıq. Bu hadisələr kitablarda yazılmalı, sənədli filmlər çəkilməlidir ki, böyüməkdə olan gənc nəsil bu faciələri bilsin və tarixdən dərs çıxarsın.
Bu gün artıq Zəfərin dadını bilən, qürurlu Azərbaycan xalqı və dövləti var. Biz bu soyqırımlardan nəticə çıxardıq, gücləndik və erməni vəhşiliklərinə son qoyaraq torpaqlarımızı azad etdik. Artıq çağdaş Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün əməli addımlar atır. Bölgədə dayanıqlı və əmin-amanlı sülh olmalıdır. Lakin tarixdə baş verən bu qanlı hadisələr unudulmamalıdır ki, gələcəkdə bir daha belə faciələr yaşanmasın”.
Gülbəniz Səfərova






