Qış gəlir: Bu təhlükələri gözardı ETMƏYİN!
Qış yalnız soyuq hava və qarla gəlmir. Bu fəsil insan sağlamlığını səssizcə təhdid edən və çox zaman fərqinə varılmayan riskləri də özü ilə gətirir.
Patrul.az-ın apardığı araşdırma göstərir ki, qış aylarında həm göz, həm tənəffüs sistemi, həm də ümumi fiziki sağlamlıq səssiz şəkildə təhlükə altına düşür.
Bir çox insan qışda günəş eynəyinə ehtiyac olmadığını düşünür. Lakin oftalmoloqlar bildirir ki, bu, ciddi yanılmadır. Günəşin istiliyi azalsa da, ultrabənövşəyi (UB) şüalar il boyu aktiv qalır. Xüsusilə qarla örtülü ərazilərdə UB şüalarının əks olunma səviyyəsi artır və gözlər gözəgörünməz şəkildə zərər görür.
Araşdırmaya görə, qış aylarında günəş eynəyi istifadə etməyən şəxslərdə göz quruluğu, qızartı və qıcıqlanma, uzunmüddətli görmə zəifləməsi riski artır. UV qoruyuculu eynəklər yalnız yay aksessuarı deyil, ilin bütün fəsillərində qoruyucu vasitədir.
Daha bir təhlükə isə qış aylarında insanların əsasən qapalı və izdihamlı məkanlarda vaxt keçirməsi nəticəsində virus və bakteriyaların daha sürətlə yayılmasıdır. Adenoviral konyunktivit (xalq arasında “çəhrayı göz”) qış aylarında ən çox yayılan göz infeksiyalarından biridir.
Araşdırma zamanı həkimlər xüsusilə aşağıdakı risk faktorlarını vurğulayıb:
gözlərə çirkli əllərlə toxunmaq,
şəxsi əşyaların paylaşılması,
makiyaj vasitələrinin gigiyenasız istifadəsi.
Patrul.az-ın araşdırması göstərir ki, bir çox insan pilləkən çıxarkən və ya yüngül fiziki fəaliyyətdə yaranan nəfəs darlığını sadə yorğunluq kimi qəbul edir. Halbuki bu əlamət – astma, KOAH, pnevmoniya, ürək çatışmazlığı kimi ciddi xəstəliklərin ilkin xəbərçisi ola bilər. Qış aylarında nəfəs darlığı şikayətlərinin artması təsadüfi deyil. Soyuq hava, hava yollarının daralması və siqaret istifadəsi bu riski daha da yüksəldir.






