media-inshot_20251202_101216750

Qış aylarında su içmək çoxlarının diqqətindən yayınır. Soyuq havada susuzluq hissi azalır və insanların böyük qismi gün ərzində nə qədər su itirdiyinin fərqinə varmır. Halbuki, orqanizmin normal fəaliyyətini təmin edən əsas amillərdən biri məhz düzgün nəmləndirmədir.

Patrul.az-ın araşdırmasına görə, qış aylarında belə insan bədəni gün ərzində təxminən 1,2 litr su itirir. Bu, orta hesabla 6 stəkan suya bərabərdir və bu itki təkcə tərləmə ilə yox, nəfəsalma, sidik ifrazı və dəridən buxarlanma kimi proseslərlə baş verir. Soyuq hava susuzluğu gizlətdiyinə görə insanlar çox vaxt bədənlərinin bu ehtiyacını hiss etmirlər.

Susuz qalmaq hansı fəsadlara səbəb olur?

Mütəxəssislərin vurğuladığına görə, su çatışmazlığı ilk növbədə immun sistemini zəiflədir. Bədəndə maye balansı pozulduqda hüceyrələrin müdafiə qabiliyyəti azalır, virus və infeksiyalara qarşı həssaslıq artır. Bundan əlavə:

Quru dəri və çatlamalar,

baş ağrıları,

yorğunluq və yuxululuq,

konsentrasiya çətinliyi,

həzm problemləri susuzluğun ən çox rast gəlinən nəticələridir.

Bədən nə qədər suya ehtiyac duyur?

Araşdırmalar göstərir ki, su ehtiyacı insandan insana dəyişsə də, orta göstəricilər belədir:

Qadınlar gündə təxminən 1,7–2 litr, Kişilər isə gündə təxminən 2,5 litr su içməlidir. Hamiləlik, fiziki fəaliyyət, xəstəlik və yüksək temperatur kimi hallarda bu miqdar artırılmalıdır. Digər bir vacib məqam isə gündəlik qidalanmanın da maye balansına təsir etməsidir. Məsələn: Çörək və makaronun təxminən 45%-i, meyvə və tərəvəzin böyük bir hissəsi sudan ibarətdir. Lakin qidalarla alınan maye heç vaxt suyun yerini tam əvəz etmir.

Qışda su içməyi necə unutmayaq?

Patrul.az qış ayları üçün sadə, lakin təsirli tövsiyələr hazırlayıb:

• Masa və ya ofis masasına su qabı qoyun, göz önündə olduqda içməyi unutmursuz.

• Gün ərzində vaxt-vaxilə az-az su için, birdəfəyə çox içmək effektli deyil.

• Çay və qəhvə məhdud içilməlidir, çünki onlar bədəni su itirməyə vadar edir.

• İsti su və ya bitki çayları soyuq havada su istehlakını artırmaq üçün faydalıdır.

Qışda susuzluq hissinin azalması aldadıcıdır. İnsan bədəni yayda olduğu kimi qışda da mütəmadi olaraq su itirir və bu itki vaxtında qarşılanmadıqda immunitet zəifləyir, gündəlik enerji aşağı düşür və sağlamlıq problemləri yaranır. Buna görə də su içmək yalnız yay aylarının deyil, bütün mövsümlərin ən vacib vərdişlərindən biri sayılmalıdır.


Bənzər xəbərlər