Qışda bəzi qidalar sizi virusa qarşı gücləndirə bilər - ADLARI
Qış fəslində soyuqdəymə halları artır və insanlar immuniteti gücləndirməyin yollarını axtarır. Gündəlik rasionda sadə və əlçatan qidalarla immun sistemini gücləndirmək mümkündür.
Patrul.az-ın apardığı araşdırmaya əsasən, sinklə zəngin qidalar soyuqdəymə ilə mübarizədə xüsusi rol oynayır. Bu mineral immun hüceyrələrinin yaranmasına kömək edir və xəstəliyin müddətini qısalda bilir.
Sink nədir və nə işə yarayır?
Sink (Zn) – Orqanizm üçün vacib olan mineraldır. Bədənimiz onu özü istehsal edə bilmir, ona görə də sinki qidalar və ya əlavə preparatlar vasitəsilə qəbul etməliyik.
Sink immuniteti gücləndirir, mikroblarla mübarizədə kömək edir; Yaraların sağalmasını sürətləndirir; Hormon balansında iştirak edir; Görmə qabiliyyətini qoruyur; Dad və qoxu hissini düzgün işlətməyə kömək edir; Dəri, saç və dırnaqların sağlamlığı üçün vacibdir.
Sink soyuqdəyməyə səbəb olan mikroblarla mübarizə aparan immun hüceyrələrinin yaranmasına kömək edir; Xəstəliyin müddətini bir neçə gün azalda bilir; Görmə qabiliyyətini qorumaqda rol oynayır; Qan şəkərini və xolesterolu aşağı sala bilir.
Məlumata görə, müxtəlif tədqiqatlar sink qəbulunun soyuqdəymədən sağalma prosesini sürətləndirdiyini göstərib. 2016-cı ildə Miçiqanda aparılan araşdırma sink pastillərinin simptomları 3 günə qədər qısaltdığını ortaya qoyub. 2021-ci ildə aparılan geniş icmal isə sinkin xəstəliyin müddətini 2 gün azalda biləcəyini təsdiqləyib.
Sinkin ən yaxşı mənbələri
Təbii qidalar vasitəsilə sink qəbulunu artırmaq mümkündür. Bunlar arasında mərcimək, balqabaq toxumu, hinduşka döşü, çedar pendiri, stiridye, karides var.
Harvard Tibb Məktəbinin məlumatına görə, 85 qram xam istiridyədə 32 mq sink var ki, bu da ən yüksək göstəricilərdən biridir. Sink əlavələri faydalı olsa da, yan təsirlərə görə onları həkim məsləhəti olmadan qəbul etmək tövsiyə edilmir.






