media-inshot_20260424_102153500

Qlobal neft bazarlarında qiymətlər yenidən yüksəlişə keçib.

Patrul.az xəbər verir ki, qiymət artımına ABŞ və İran arasında yaranan gərginlik, Hörmüz boğazında iki xarici gəmiyə müdaxilə edilməsi və Vaşinqtonun bölgədə blokadanı davam etdirməsi təsir göstərib.

ABŞ xam nefti olan WTI (West Texas Intermediate) markalı neftin qiyməti təxminən 97 dollara (bir ara 97.22 dollaradək) yüksəlib. Eyni zamanda Brent markalı neftin qiyməti 106 dolları ötüb.

Dünya bazarındakı bu artım Azərbaycan neftinə və iqtisadiyyatına həm birbaşa, həm də dolayı təsir göstərir. Belə ki, “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti dünya birjalarında kəskin yüksələrək bir barel üçün 112-113 dollar səviyyəsinə çatıb.

Azərbaycan üçün bu artım dövlət gəlirlərinin və valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artması demək olsa da, qlobal inflyasiyanın idxal vasitəsilə daxili bazara təsir ehtimalı da gündəmdədir.

Ekspertlər vurğulayırlar ki, Hörmüz boğazı qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən 20 faizini təmin edir. Bu marşrutun hər hansı formada bağlanması və ya hərbi eskalasiya neftin qiymətini 150 dollara qədər qaldıra bilər.

Beynəlxalq hesabatlara görə, müharibənin başlanğıcından bəri bazara yüz milyonlarla barel neft tədarük edilməyib və bu da qlobal iqtisadiyyata ciddi təzyiq göstərir.

Analitiklər xəbərdarlıq edirlər ki, Hörmüz boğazında yeni bağlanma və ya hərbi eskalasiya neft qiymətlərini daha da yüksəldə və qlobal inflyasiyanı artıra bilər.


Bənzər xəbərlər