Qocalığın “dərmanı” tapıldı
Sosial əlaqələr ömrü uzada bilər.
Patrulaz.az xəbər verir ki, Kornell, Harvard və Arizona universitetlərinin alimləri sübut ediblər ki, güclü sosial əlaqələr bioloji qocalmanı ləngidir və orqanizmdə iltihabı azaldır.
Araşdırma ABŞ-də aparılan uzunmüddətli MIDUS layihəsinin iki mindən çox iştirakçısının məlumatlarına əsaslanıb. Tədqiqatçılar ailə bağları, emosional dəstək, dini icmalarda iştirak və aktiv ünsiyyət kimi faktorları əhatə edən “kumulyativ sosial üstünlük” göstəricisindən istifadə ediblər.
Məlum olub ki, sosial əlaqələri güclü olan insanlarda:
epigenetik saat (yaşlanmanı ölçən biomarker) daha yavaş işləyir;
interleykin-6 proteininin səviyyəsi daha aşağıdır, bu da xroniki iltihabın azalması deməkdir.
Mütəxəssislərin fikrincə, sosial münasibətlər yalnız psixoloji deyil, həm də fizioloji resurs rolunu oynayır və aktiv, sağlam ömrün uzanmasına kömək edir.
Qeyd edək ki, Nəticələr Brain, Behavior, & Immunity – Health jurnalında dərc olunub.






