Qocalma prosesini ləngidən dərman sınaqdan keçiriləcək
Avstraliyada qocalma əleyhinə dərman sınaqdan keçirəcək.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, OpenAI-nin baş direktoru Sam Altmanın maliyyə dəstəyi ilə yaradılan “Retro Biosciences” şirkəti qocalma əleyhinə yeni preparat “RTR242″nin klinik sınaqlarına hazırlaşır.
Planlara görə, dərman bu ilin sonuna qədər Avstraliyada test ediləcək.
Mütəxəssislər bildirir ki, preparat orqanizmdə otofagiya prosesini aktivləşdirir, bu isə zədələnmiş zülalların və neyronların təmizlənməsi deməkdir. Nəticədə hüceyrələrin qocalma prosesi ləngiyir və insan ömrü əhəmiyyətli dərəcədə uzana bilər.
“Retro Biosciences”in baş direktoru Joe Betts-Lacroix qeyd edib ki, hüceyrələrdə toplanan qırıq və mutasiyaya uğramış zülallar yaşla bağlı xəstəliklərin əsas səbəblərindəndir. Onun sözlərinə görə, “RTR242” beyin də daxil olmaqla, təbii hüceyrə təkrar emal mexanizmlərini işə salacaq.
Mütəxəssislər dərmanın insan ömrünü ən azı 10 il artıracağına ümid edirlər. Müqayisə üçün qeyd olunur ki, xərçəng müalicəsi adətən ömrü təxminən 3 il uzadır.
Şirkət həmçinin qan və sinir sistemi xəstəliklərinin müalicəsi üçün kök hüceyrə əsaslı terapiyalar üzərində də işləyir.






