media-inshot_20251017_234808211

Payız-qış aylarında temperaturun enməsi ilə orqanizmin müqaviməti zəifləyir, virus və infeksiyalar sürətlə yayılır. Məhz bu dövrdə immunitetin güclü saxlanması xəstəliklərə qarşı ən təsirli silah sayılır. Düzgün qidalanma və təbii məhsullar qripdən qorunmada əsas rol oynayır.

Patrulaz.az immuniteti gücləndirən 7 təsirli qida məhsulunu təqdim edir:

C vitamini mənbəyi – Kivi və sitrus meyvələri

Kivi, portağal, qreypfrut və limon kimi meyvələr immun sisteminin əsas dayağı olan C vitamini ilə zəngindir. Bu vitamin ağ qan hüceyrələrinin aktivliyini artıraraq orqanizmi viruslardan qoruyur.

Təbii antibiotik – Sarımsaq

Sarımsağın tərkibindəki “allisin” maddəsi bakteriya və viruslara qarşı qoruyucu təsir göstərir. Mütəxəssislər onu çiy şəkildə qəbul etməyi məsləhət görürlər, çünki bişirildikdə təsiri azalır.

Zəncəfil – Orqanizmin təbii istiliyi

Zəncəfil tənəffüs yollarını təmizləyir, boğaz ağrısını azaldır və bədəni isinməklə soyuqdəymə əlamətlərinin qarşısını alır. Qrip mövsümündə gündə bir fincan zəncəfil çayı immun sisteminə əsl dəstəkdir.

Bal – Enerji və qoruma mənbəyi

Təbii bal antioksidantlarla zəngindir, bədəndəki iltihabı azaldır və enerji balansını bərpa edir. Xüsusilə səhər ac qarına bir çay qaşığı bal qəbul etmək immuniteti aktivləşdirir.

Brokoli – Vitamin anbarı

A, C və E vitaminləri ilə zəngin olan brokoli immun sistemini hüceyrə səviyyəsində gücləndirir. Onu buxarda bişirərək istehlak etmək faydalı maddələrin itməməsini təmin edir.

Balıq – D vitamini və Omeqa-3 qaynağı

Somon, skumbriya və sardina kimi yağlı balıqlar orqanizmin müdafiə mexanizmini aktiv saxlayır. D vitamini çatışmazlığı immun zəifliyinə gətirdiyi üçün həftədə azı 2 dəfə balıq yemək məsləhətdir.

Qoz və badam – Sağlam yağlar və sink

Sink və E vitamini ilə zəngin olan qoz və badam immun hüceyrələrinin fəaliyyətini gücləndirir. Hər gün bir ovuc bu qidalardan qəbul etmək bədəni infeksiyalara qarşı daha davamlı edir.

Qrip mövsümündə aptek preparatlarına deyil, təbiətin bizə bəxş etdiyi qidalara üz tutmaq bəzən ən effektiv qorunma üsuludur. Sağlam həyat tərzi, balanslı qidalanma və yuxu rejimi ilə birgə bu 7 məhsul sizi payız-qış xəstəliklərindən qoruyacaq.


Bənzər xəbərlər