media-inshot_20260507_183810673

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində yerləşən, ölkənin ən böyük Buddist təriqəti olan Jogye məbədində qeyri-adi andiçmə mərasimi keçirilib.

Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, “Gabi” (Koreya dilində mərhəmət) adlı humanoid robot Buddizmə sadiqlik andı içərək rəsmən dini icmaya qəbul edilib.

Çinin “Unitree Robotics” şirkəti tərəfindən istehsal olunan G1 platforması üzərində hazırlanan 130 santimetr boyundakı robot, mərasim üçün xüsusi hazırlanıb. Belə ki, mərasim zamanı robot ənənəvi boz və qəhvəyi rəngli rahib xalatı geyinib, boynuna isə 108 muncuqlu təsbeh asılıb.

Rahibliyə qəbulun mühüm ayinlərindən olan “yeonbi” (təmizlənmə məqsədilə qola kiçik köz basılması) ritualı robotun texniki quruluşuna uyğun olaraq simvolik lotus çiçəyi stikeri ilə əvəz olunub.

Robot üçün süni intellekt etikası ilə Buddist prinsiplərini birləşdirən xüsusi and mətni də hazırlanıb. “Gabi” aşağıdakı prinsiplərə əməl edəcəyinə söz verib:

Canlılara hörmət etmək və onlara zərər verməmək;

Digər robotlara və əşyalara qarşı aqressiv davranmamaq;

İnsan əmrlərinə tabe olmaq;

Aldatmamaq (yalan məlumat verməmək);

Enerjiyə qənaət etmək və batareyanı həddindən artıq yükləməmək.

Məbəd rəsmiləri bildiriblər ki, robot yaxın günlərdə keçiriləcək Lotus Fənər Festivalında iştirak edəcək və əsas missiyası gənc ziyarətçilərə Buddizm təlimlərini müasir dildə izah etmək olacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər