media-7e038eff-593c-4a9e-aa68-108912249ad5

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti iyunun 26-da Nərimanov rayonunda gəncin kanalizasiya quyusuna düşərək həyatını itirməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Patrulaz.az xəbər verir ki, açıqlamada hadisənin 1986-cı ildən istismarda olan sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi nəticəsində baş verdiyi bildirilir. Bildirilib ki, 2019-cu ildən etibarən kollektorun 930 metrlik hissəsi hissə-hissə təmir edilib, lakin hadisənin baş verdiyi hissədə hələ də işlər aparılmayıb.

Açıqlamada həmçinin qeyd olunur ki, ərazidə fəaliyyət göstərən tikinti materialları mağazaları su-kanal qurumunun xəbərdarlıqlarına baxmayaraq, kanalizasiya xətlərinin mühafizə zonasında fəaliyyətlərini davam etdiriblər, hətta xəbərdaredici nişanlar və dəmir məhəccərlər də sahibkarlar tərəfindən yığışdırılıb. Nəticədə yol örtüyünün çökməsi və faciənin baş verməsi üçün bütün şərait “hazırlanıb”.

Lakin bu açıqlama bir çox vacib sualı cavabsız qoyur.

Tək bu hadisə iləmi hərəkətə keçilir?

Məlum faciə baş verənədək onlarla media qurumu müxtəlif ərazilərdə kanalizasiya quyularının, qəzalı xətlərin, çökə biləcək hissələrin vəziyyəti ilə bağlı xəbər hazırlayıb, rəsmi qurumları xəbərdar edib. Hətta son bir həftədə belə ondan çox fərqli nöqtə müxtəlif mediada işıqlandırılıb.

Hansı ərazilərə baxış keçirildi?

Hara ilə bağlı təhlükə dəyərləndirildi?

Tədbir görülmədiyi halda niyə heç bir rəsmi açıqlama verilmədi?

Əgər bu kimi məlumatlar ictimaiyyətdən gizlədiləcəksə, media qurumlarının rolu nə olacaq?

Medianın yox, ölən insanın ardından reaksiya

Təəssüf ki, bu gün ölkədə bir çox qurumlar yalnız ölümlə nəticələnən hadisələrdən sonra reaksiya verir, ictimai təzyiqin və ya sosial medianın yaratdığı rezonansla hərəkətə keçirlər. Bu faciə də növbəti dəfə sübut etdi ki, bəzi qurumlar proaktiv deyil, reaktivdir.

Hadisə yerində məhəccərlərin yığışdırılması, təhlükəli hissənin “taxta parçası” ilə örtülməsi faktları ilə bağlı qurum rəsmi açıqlama verir, lakin bu proseslər hansı nəzarət mexanizmləri ilə izlənilib? Əgər vəziyyət bu qədər təhlükəli idisə, niyə fəaliyyət davam edib?

Sonda: Ölüm oldu, açıqlama gəldi – bəs sonra?

Hər zaman olduğu kimi, rəsmi açıqlama – ölüm hadisəsindən sonra gəlir.
Əgər bu hadisə baş verməsəydi, həmin qəzalı kollektor yenə gözləyəcəkdi?
Əgər media həmin əraziləri işıqlandırmasaydı, o suallar cavabsız qalacaqdımı?

Patrulaz.az olaraq məsələni gündəmdə saxlayırıq və suallarımıza cavab tələb edirik:
İndiyə qədər xəbərdarlıq olunan digər ərazilərdə vəziyyət necədir?
Nə qədər ərazi ölümlə nəticələnmədən “təmir siyahısına” düşəcək?

Səməndər Niftəliyev


Bənzər xəbərlər