Robotların da insan kimi hiss edə biləcəyi süni dəri yaradıldı
İtaliyanın Piza şəhərində yerləşən Scuola Superiore Sant’Anna institutu ilə Braziliyanın Uberlandia Federal Universitetinin alimləri insan dərisi kimi toxunuş hissini qəbul edə bilən süni dəri modeli hazırlayıblar.
Patrulaz.az xəbər verir ki, bu texnologiya insan sinir sisteminin işləmə prinsipindən ilhamlanaraq hazırlanıb. Süni dəri innovativ optik sensorlar və Süni İntellekt alqoritmləri vasitəsilə toxunuşun yerini müəyyənləşdirə və təzyiqin intensivliyini ayırd edə bilir.
Tədqiqatın nəticələri nüfuzlu Nature Machine Intelligence jurnalında dərc olunub. Alimlər bildirirlər ki, hazırlanan süni dəri təkcə toxunuşu hiss etmir, həm də insan beyninin bu siqnalları necə şərh etdiyini təqlid edir.
Yeni texnologiyanın bir sıra sahələrdə istifadəsi nəzərdə tutulur. Bunlara ağıllı geyilə bilən cihazlar, toxunma hissiyatını bərpa edə bilən protezlər və hətta ətraf mühitlə fiziki qarşılıqlı əlaqədə olan robotlar daxildir.
Qeyd edək ki, texnologiyanın əsasını real vaxt rejimində toxunuş və təzyiqi müəyyən edə bilən optik sensorlar təşkil edir. Onu “ağıllı” edən isə bu məlumatları emal edərək interpretasiya edən süni neyron şəbəkəsidir.
Xatırladaq ki, son illər protez texnologiyaları və insan-bədən interfeysləri sahəsində toxunma hissini bərpa etməyə yönəlmiş bir sıra layihələr həyata keçirilir və bu cür süni dərilər həmin sahədə mühüm mərhələ sayılır.
Gülbəniz Səfərova






