“Rusiyada ayrı-ayrı media qurumlarının və ekspertlərin Azərbaycan və xalqımız əleyhinə kampaniya aparması, ünvanımıza təhqirlər yağdırmasının arxasında rəsmi Moskvanın dayandığı şübhə doğurmur. Səhvlərdən nəticə çıxararaq Azərbaycandan üzr istəmək, cinayət törətmiş şəxsləri cəzalandırmaq və müvafiq təzminat ödəmək əvəzinə bu cür mövqe sərgiləmək Rusiyanın acizliyini göstərir”.

Bu sözləri “Patrulaz”a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, baş vermiş hadisəni ört-basdır etmək üçün dəridən-qabıqdan çıxamalarına baxmayaraq faktlar qarşısında aciz qalan Rusiya hakimiyyəti indi bu yolla özünə bəraət qazanmaq istəyir: “Əslində burada təəccüblü olan bir şey yoxdur. Rusiya 30 illik işğal dövründə də, ondan sonra da öz fəaliyyəti ilə heç bir zaman Azərbaycana qarşı etibarlı tərəfdaş olmadığını dəfərlərlə sübut edib. Odur ki, indi də faktları gözardı edərək özünü təmizə çıxarmaq istəməsində qeyri-adi bir şey yoxdur. Əslində isə hadisənin baş vermə anının görüntüləri, şahid ifadələri və s. faktlar “qara qutu”da olan məlumatlar oxunmadan belə təyyarənin vurulduğunu və bunun da Rusiya ərazisində baş verdiyini sübut edir. Rusiya tərəfi müxtəlif bəhanələr və saxta dəlillər yaymaqdansa öncə dron hücumlarının intensiv baş verdiyi bir zamanda hava məkanının bağlanmamasına və eləcə də radioelektron mübarizə qurğuları vasitəsilə təyyarənin idarəolunmaz hala gətirildiyi ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Yalnız bundan sonra təyyarəyə eniş izni verilib-verilmədiyi ilə bağlı nələrisə müzakirə etmək olar. Amma pilotlarla dispetçer arasında danışıqların stenoqramları da sübut edir ki, təyyarəmizə eniş izni verilməyib və baş vermiş cinayət hadisəsini ört-basdır etmək üçün təyyarə Xəzər üzərindən Aktauya yönləndirilib. Radioelektron mübarizənin təsiri ilə idarəolunmaz halda olan bir təyyarənin pilotlarının hara uçmaqla bağlı müstəqil qərar qəbul etdiyini iddia etmək ağılsızlıqdan başqa bir şey deyil. Faktlar ortadadır və bu faktları gözardı etmək mümkün deyil.
Rəsmi Moskvanın Rusiyada aparılan anti-Azərbaycan kampaniyasının hakimiyyət dairələrinin iradəsindən kənar baş verməsi ilə bağlı iddiaları da cəfəngiyyatdan başqa bir şey deyil. Hər kəs bilir ki, Putin hakimiyyətində kiminsə fərqli düşünməsi, fərqli mövqe ortaya qoyması mümkün deyil və Rusiyada da nə müstəqil media, nə də müstəqil ekspertlərə çıxış imkanı verən hansısa televiziya kanalı mövcud deyil. Əgər rəsmi Moskva bu cür iyrənc kampaniya ilə Azərbaycana təzyiq göstərə biləcəyini, bizim haqlı mövqeyimizdən geri çəkiləcəyimizi düşünürsə bunda yanılır və gec-tez bu cür mövqenin Rusiyanın özünün maraqlarına zərbə vuracağını da görəcək”.


Bənzər xəbərlər