“Rusiya hadisədən sonra Azərbaycanın gözlədiyi reaksiyanı verməyib”- POLİTOLOQ
”Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən ilk gündən verilən açıqlamalar belə obyektivliyə söykənmirdi. Azərbaycanla yaxşı siyasi əlaqələrə malik olan Rusiya bu cür böhranlı hadisələrdə məsələnin üstünü örtməyə və başqa məcraya yönləndirməyə çalışır. Lakin cənab Prezident İlham Əliyev də vurğuladı ki, istintaq günahkarların cəzalandırılması ilə yekunlaşdırılmalıdır və zərərçəkənlərə Rusiya tərəfindən kompensasiya ödənilməlidir”. Bu sözləri “Patrulaz”a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu gün Azərbaycanla Rusiyanın münasibətləri də ona dəlalət edir ki, bu prosesdə ilk gündən etməli olduqlarını təqdim etsinlər: “Amma Rusiyada bəzi media qurumları proses ətrafında mənasız şəkildə dırnaqarası mübarizələrini davam etdirirlər. Təkcə təyyarə qəzası fonunda deyil, bu cür fors-major hallar dövlətlər arasındakı münasibətlərin səmimiliyini də göstərmiş olur. Rusiya tərəfi isə təəssüf ki, baş vermiş hadisədən sonra Azərbaycanın gözlədiyi reaksiyanı verməyib. Eyni zamanda Rusiya mediası və ictimaiyyətində qəsdən hadisənin məcrasını dəyişdirən fikirləri tirajlamağa çalışırlar. Bu isə birbaşa olaraq Azərbaycan-Rusiya əlaqələrinə uyğun deyil. Rusiya sözügedən prosesdə günahı olan hər kəsi cəzalandırmalıdır və mütləq şəkildə kompensasiya verilməlidir”.






