“Rusiya ilə bağlı bütün işğal faktları Azərbaycanın tarixində neqativ rol oynayıb"- SİYASİ EKSPERT
“Rusiya ilə bağlı bütün işğal faktları Azərbaycanın tarixində neqativ rol oynayıb. Bu həm Çar Rusiyasının, həm də bolşevik kommunist Rusiyasının işğal faktlarına aiddir. Azərbaycan xalqı Çar Rusiyasının da, bolşevik kommunist Rusiyasının da işğallarına məruz qalıb, müstəqil dövlətçiliyini itirib və Sovet Rusiyasının da işğalına məruz qalıb. Təəssüf ki, Rusiya ilə bağlı işğal faktları Azərbaycanın ərazi bütövlüyünə hər zaman ağır zərbələr vurub.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, müxtəlif dövrlərdə Rusiyanın işğal siyasəti nəticəsində Azərbaycan torpaqları iki yerə bölündü, ərazilərini itirdi: “Cənubi Azərbaycan dövlətimizdən Çar Rusiyasının işğalları nəticəsində ayrıldı. Ölkəmizin mühüm əraziləri hesab olunan Şərqi Zəngəzur, Dağıstandakı müəyyən ərazilərimiz isə məhz Sovet Rusiyasının apardığı siyasət nəticəsində oldu. Beləliklə, Rusiya dövləti ilə bağlı işğal faktorları hər zaman Azərbaycan dövlətinə ciddi zərbələr vurub. Bu zərbələrdən ən təhlükəlisi isə 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınması, İrəvanı ölkəmizdən alınaraq Ermənistana verilməsi formasında təzühür etdi. Bu da tarixi, gözəl şəhərimizdən məhrum olmağa səbəb oldu. Azərbaycanın mühüm hissəsi olan Naxçıvanın dövlətimizdən ayrı düşməsinə səbəb oldu. Dövlət başçısı məhz bu faktorlara əsaslanaraq tarixi həqiqəti əks etdirən fikirlər səsləndirib. Bu fikirlər bir daha işğal faktoruna məruz qalmamaq üçün hər bir vətəndaşa mesajdır. Eyni zamanda hər bir Azərbaycan vətəndaşının suveren dövlətçilik naminə daha fəal və güclü olmasına çağırışdır. Azərbaycan ərazilərinin işğal faktoru nəticəsində itirilməsinə aid olan tək bir fakt var. O da, erməni işğalları nəticəsində talan edilən Azərbaycan torpaqlarının tam şəkildə geri qaytarılmasıdır. Bu isə məhz Azərbaycanın diplomatik, hərbi və siyasi cəhətdən güclü olmasının nəticəsində baş tutdu”.