"Rusiya uzun müddət kompensasiyadan yayınmağa çalışdı, lakin buna nail ola bilmədi" - DEPUTAT
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı tərəflər bütün məsələlər üzrə razılığa gəlib. Bu məsələlərə uzun müddətdir gözlənilən kompensasiyanın Rusiya tərəfindən ödənilməsi də daxildir.
Bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda bildirilib.
Tərəflər arasında əldə olunan razılaşmanı yüksək qiymətləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Patrul.az-a açıqlamasında bildirib ki, prinsipial siyasət nəticəsində Azərbaycan məqsədlərinə nail ola bildi:
“Rusiya tərəfinin AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiya ödəməyə razı olması cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın növbəti mühüm uğuru hesab olunmalıdır. Rusiya uzun müddət çalışdı ki, bu məsələdən yayınsın və kompensasiya ödəməsin. Ancaq buna nail ola bilmədi. Sona qədər Prezident İlham Əliyev prinsipial və qətiyyətli mövqe göstərdi. Sonda Rusiya anladı ki, mütləq şəkildə Azərbaycanın tələblərini yerinə yetirməli və kompensasiya ödəməlidir.
Bu, bir daha onu sübut edir ki, bu gün Azərbaycan güclü dövlətdir, regional güc kimi öz rolunu ciddi şəkildə oynayır və hədəflərinə doğru inamla irəliləyir.
Eyni zamanda bu, onu da göstərir ki, Azərbaycanın güclü lideri və güclü xarici siyasəti var. Artıq bir çox dünya ölkələri Azərbaycanla hesablaşmağa məcburdur. Bu gün biz bunu açıq-aydın müşahidə edirik”.
Deputat bu uğurlu addımların Bakı-Moskva münasibətlərinin gedişatına müsbət təsir edəcəyini də bildirib:
“İnanıram ki, bundan sonra biz Rusiya ilə münasibətlərin daha da normallaşdığını, inkişaf etdiyini və əlaqələrimizin yeni mərhələyə daxil olduğunu görəcəyik.
Rusiya tərəfi bundan sonra da digər addımları atmalıdır ki, Azərbaycan və Rusiya münasibətləri daha da inkişaf etsin və mövcud fikir ayrılıqları aradan qalxsın. Bu çox önəmli məsələdir”.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən (5 ekipaj üzvü və 62 sərnişin) 38-i həyatını itirib, 29 nəfər isə sağ qalıb. Qəza Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində baş verib.
Gülbəniz Səfərova






