media-inshot_20250722_200342794

Rusiyada istintaq materialları ilə tanınan məşhur “Baza” Telegram kanalının redaksiyasında və baş redaktor Qleb Trifonovun yaşadığı mənzildə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılıb.

Patrulaz.az “Baza” telegram kanalına əsasən xəbər verir ki, bir müddətdir ortalıqda görünməyən Trifonov və onun bir neçə əməkdaşı Moskva Şəhəri üzrə İstintaq Komitəsinin Mərkəzi İnzibati Dairə İdarəsində saxlanıldığı bildirilib.

Məlumata görə, onlar cinayət işi çərçivəsində dindirilir. Lakin Trifonovun dəqiq harada saxlanıldığı barədə rəsmi açıqlama verilmir.

Baş redaktorun vəkili Aleksey Mixalçik hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz adlandırıb:

“Əslində bu, müdafiə hüququnun pozulmasıdır. Vəkilin işə qoşulmasına imkan verilmir. Administrativ saxlanma müddəti artıq başa çatıb və faktiki olaraq bu, qanunsuz azadlıqdan məhrum etmədir”, – deyə baş redaktorun vəkili bildirib.

“Baza”nın yaydığı məlumata görə, axtarışların Rusiyanın regionlarından birində açılmış cinayət işi ilə bağlı olduğu ehtimal edilir. İddialara görə, bəzi hüquq-mühafizə əməkdaşları Telegram kanallarından birinə məxfi məlumat ötürməkdə ittiham olunurlar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Baza”nın redaksiyasından sənədlərlə dolu qutuların çıxarıldığı, bir neçə əməkdaşın isə dindirilməyə aparıldığı əks olunub.

Qeyd edək ki, “Baza” Rusiyada istintaq və təhqiqat materiallarını yayımlayan nüfuzlu müstəqil media platformalarından biridir.


Bənzər xəbərlər