media-inshot_20260331_035729709

Bu gün o qanlı faciədən – 31 Mart Soyqırımından 108 il ötür. Bu tarix xalqımızın yaddaşına qanla yazılmış, insanlıq tarixinin ən dəhşətli səhifələrindən biri kimi həkk olunub.

1900-cu illərin əvvəllərində rusların əsarəti altında olan xalqlarda oyanış, rejimə qarşı üsyanlar başlamışdı. Elə bu hadisələrin fonunda azərbaycanlıların mübarizə əzmini qırmaq məqsədilə martın 29-dan 30-a keçən gecə bolşeviklər tərəfindən, başda Stepan Şaumyan olmaqla İnqilabı Müdafiə Komitəsi yaradıldı. Bu komitənin tərkibi bolşevik-daşnak qüvvələrindən (əsasən erməni və ruslardan) ibarət idi.

Bakıda azərbaycanlılar erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini görsələr də, belə genişmiqyaslı və əvvəlcədən planlaşdırılmış qırğınların başlanacağından xəbərsiz idilər. Buna görə də əvvəlcədən hazırlıq görmək imkanları olmadı. Azərbaycanlıların hərbi təşkilatı və sursatı demək olar ki, yox dərəcəsində idi. Belə olan halda mübarizədə qalib gəlmək mümkün deyildi. Bunu yaxşı başa düşən Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılmış və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar.

Həmin komitə daxilində eyni vaxtda Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı əraziləri, digər tərəfdən isə Levon Saatsazbekovun başçılıq etdiyi dəstə “Şamaxinka”da atəşə tutdu. Hücum hələ millətimizin gözünü sabaha açmadığı bir vaxtda – martın 19-u sübh çağı başladı. Ermənilər Bakıda ilkin olaraq müsəlmanların çoxluq təşkil etdiyi “Kərpiçxana”, “Məmmədli”, “Zibilli Dərə” ərazilərini toplarla atəşə tutdular. Hücumlar məhəllədəki ermənilərlə yanaşı, Xəzər dənizində olan ruslar tərəfindən də top atəşləri ilə daha da intensivləşdi. Bu atəşlər nəticəsində Təzəpir məscidi də ziyan gördü.

Həmin vaxt xalqımız amansız divanlara məruz qaldı, bəşəriyyətin nadir hallarda gördüyü vəhşiliklər törədildi – ermənilər müsəlmanların evlərinə soxulur, sakinləri qırır, insanları qılınc və xəncərlərlə doğrayır, süngülərlə deşik-deşik edir, uşaqları yanan evlərin içinə atır, üç-dörd günlük körpələri süngünün ucunda oynadırdılar. 1918-ci ilin mart hadisələri zamanı təkcə Bakıda 15 mindən çox günahsız müsəlman qətlə yetirildi.

Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri yalnız 36-cı Türkistan polkunun tələbi və dənizçilərin hədələrindən sonra dayandırıldı. Dənizçilər tələb etmişdilər ki, əgər qırğınlar davam edərsə, ermənilərin yaşadığı ərazilərə top atəşi açılacaq. Həmin vaxt aprelin 13-də bu qətliamları “qələbə” adlandıran Stepan Şaumyan günahsız soydaşlarımızın öldürülməsini faktiki olaraq etiraf etmişdi.

media-inshot_20260331_035205413

Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, eyni vaxtda Qubada və Şamaxıda da dinc azərbaycanlılara qarşı amansız qırğınlar törətdilər. Qubada 1918-ci ildə erməni-bolşevik qoşunları 162 kəndi dağıtmış, 27 kəndi əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişdir. Bununla yanaşı, yerli əhali – o cümlədən ləzgi və digər xalqlar işğalçılara qarşı cəsarətlə müqavimət göstərmiş, onların 5 mindən çox əsgərini məhv etmişdi. Quba qəzasında qırğınlar yalnız azərbaycanlılara deyil, həm də ləzgilərə, qrızlara, buduğlara, ceklərə və tat əhalisinə qarşı yönəlmişdi. media-inshot_20260331_035657637

Bakıdakı qətliamlar hələ başa çatmamış Şamaxıda da eyni ssenari həyata keçirildi. Martın 18-dən etibarən Bakıdan 2000 nəfərlik, top və pulemyotlarla silahlanmış dəstə Şamaxı istiqamətinə göndərildi. Bu dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək şəhərə daxil oldu. Minlərlə insan – qadın və uşaqlar da daxil olmaqla qılıncdan keçirildi. Şaumyanın göstərişi ilə erməni daşnak-rus bolşevik dəstələri Şamaxıda Sovet hakimiyyəti qurmaq adı altında növbəti qırğını törətdilər.

1919-cu il martın 30-da Bakıda nəşr olunan “Azərbaycan” qəzetində Şamaxı hadisələrinin səbəbləri ətraflı təsvir olunmuşdu. Bildirilirdi ki, müsəlmanlara qarşı nifrət yaratmaq üçün əvvəlcədən təbliğat aparılır, digər xalqlar onlara qarşı qaldırılırdı. Halbuki, uzun illər birgə yaşayan xalqlar arasında heç vaxt qarşıdurma olmamışdı. Şamaxını tərk edən rus hərbçiləri də silahlarını ermənilərə təhvil verərək getmişdilər və yerli azərbaycanlıların isə nə hərbi hissəsi, nə də silahlı dəstəsi var idi.

Şamaxıda törədilən qırğınların əsas icraçıları Stepan Lalayev, Gavriyil Karaoğlanov, Gülbandov, Mixail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Sedrak Vlasov, Samuel Daliyev, Petrosyants və İvanovlar idi. 1918-ci ilin mart-aprel aylarında Şamaxının 58 kəndi məhv edilmiş, təxminən 7 min nəfər qətlə yetirilmişdi. Onların 1653-ü qadın, 965-i uşaq idi. Şamaxının 13 məhəllə məscidi, o cümlədən müqəddəs Cümə məscidi yandırılmışdı.

media-inshot_20260331_035902210

Bu hadisələr bir daha sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında baş verənlər təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı idi. Bu faciə xalqımızın yaddaşında sağalmaz yara kimi qalır və hər il dərin kədər hissi ilə yad olunur.

Gülbəniz Səfərova, Patrul.az


Bənzər xəbərlər