Şagirdlərin nahar yeməyindən ölü ilan çıxdı
Hindistanın şərqində yerləşən Bihar ştatında məktəb yeməyində ölü ilan tapıldıqdan sonra 100-dən çox uşağın xəstələndiyi bildirilib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, hadisə ilə bağlı Hindistan Milli İnsan Hüquqları Komissiyası (NHRC) tərəfindən araşdırma başladılıb.
NHRC tərəfindən verilən açıqlamada, hadisənin Bihar ştatına bağlı Mokama şəhərində baş verdiyi qeyd olunub. Təxminən 500 şagirdə pulsuz təqdim olunan nahar yeməyində ölü bir ilan tapıldığı, lakin məktəb aşpazının ilanı yeməkdən çıxarıb xidməti davam etdirdiyi bildirilib.
Yeməyi yedikdən sonra bir çox şagirdin özünü pis hiss etdiyi və yerli əhalinin hadisəyə etiraz edərək yolu bağladığı qeyd olunub.
Komissiya açıqlamasında “Əgər iddialar doğrudursa, bu hal şagirdlərin insan hüquqlarının ciddi şəkildə pozulmasına işarə edir” ifadəsinə yer verilib. Ştat rəsmilərindən iki həftə ərzində uşaqların sağlamlıq vəziyyətini də əhatə edən ətraflı hesabat tələb olunduğu bildirilib.
Ləman Sərraf