“Samanta Poverin qurumun rəhbərliyinə gətirilməsi qlobal sülh üçün ciddi təhlükəyə çevrilmişdi“- DEPUTAT DANIŞDI
“USAİD, xüsusilə də Co Bayden tərəfindən qatı ermənipərəst Samanta Poverin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra, qlobal sülh üçün ciddi təhlükəyə çevrilmişdi. Samanta Poverin Fransanın siyasi dairələri ilə birlikdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaratması, bölgəni yenidən müharibəyə sürükləmək istəyən Makron və ətrafı ilə sıx işbirliyində olması, müharibə və münaqişələrin maliyyələşdirilməsi, aqressiv separatizm və terrorizmin stimullaşdırılması üçün nəzərdə tutulmuş “Avropa Sülh Fondu” ilə sinxron hərəkət etməsi, USAİD-in çirkli geosiyasi oyunların alətlərindən birinə çevrildiyini təsdiqləyir.
Samanta Poverin personasına gəldikdə isə, bu adam ermənipərəstliyin ən unikal “nüsxə”lərindən biri sayıla bilər. Məsələ burasındadır ki, prezident Bayden 2021-ci il aprelin 24-də qondarma soyqırımı tanıdığını bəyan etdikdən, daha dəqiq desəm, erməni yalanlarına əsaslanaraq “soyqırım” ifadəsini dilə gətirdikdən sonra, Samanta Pover o qədər “xoşbəxt” və mütəəssir olub ki, sentyabrın 21-də doğulduğuna baxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib. Və elə yeni “doğum günü”nü elan etdikdən bir neçə gün sonra – aprelin 29-da USAİD-in rəhbəri postuna təyinat alıb”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Deputat bildirib ki, Samanta Poveri USAİD rəhbəri postuna aparan “keşməkeşli” yolda nəzərə çarpan ən maraqlı məqamlardan biri də onun Obama adminstrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryanın birgə təsis etdikləri, qondarma soyqırımı təbliğ edənlərin “mükafatlandırılması” üçün nəzərdə tutulan “Avrora” mükafatının münsiflər heyətində təmsil olunmasıdır: “Samanta qondarma soyqırımı təşviq edənlərə, reallıqda isə yalan və böhtanla “silahlanaraq” saxta iddialar üzərindən nifrət və qisas hissi körükləyənlərə “minnətdarlıq” etmək üçün nəzərdə tutulan “Avrora mükafatı”nı “sülh mükafatı”, bu “mükafat”ı təsis edənləri, o cümlədən separatizmi, terroru maliyələşdirən Ruben Vardanyanı “qəhrəman” adlandırırdı.
ABŞ Prezidenti Donald Trampın və İlon Maskın sosial şəbəkələr üzərindən ictimailəşən fikirləri, həmçinin onların müsahibə və çıxışlarında USAİD-lə bağlı yer alan ittihamlar Azərbaycanın sözügedən təşkilata münasibətdə tamamilə doğru və obyektiv yanaşma nümayiş etdirdiyini bir daha təsdiqləyir”.
Səbinə Hüseynli