"Saxta iş elanları insan alverinin əsas tələsinə çevrilib" - Ramiz Alıyev
İnsan alverinə qarşı son əməliyyatlar problemin aktuallığını bir daha gündəmə gətirib. Mövcud dəstək mexanizmləri fonunda əsas sual yaranır: qurbanların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün görülən tədbirlər nə dərəcədə effektiv və yetərlidir?
Bu mövzu ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri, politoloq Ramiz Alıyev Patrul.az-ın suallarını cavablandırıb.
Onun sözlərinə görə, insan alverinə qarşı effektiv mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, qurbanların reinteqrasiyası, rəqəmsal nəzarət və geniş maarifləndirməni əhatə edən kompleks yanaşma tələb edir:

“Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində həyata keçirilən son əməliyyat bir daha təsdiqləyir ki, bu cinayət növü transmilli xarakter daşımaqla yanaşı, daim yenilənən üsullarla cəmiyyət üçün ciddi təhlükə olaraq qalır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi operativ tədbirlər nəticəsində cinayətkar şəbəkələrin ifşa olunması dövlətin bu sahədə qətiyyətli mövqeyini nümayiş etdirir. Bununla belə, problemin köklü həlli yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, kompleks və sistemli yanaşma tələb edir.
1. Qurbanların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün mövcud mexanizmlər yetərlidirmi?
Hazırda Azərbaycanda insan alveri qurbanlarının müdafiəsi istiqamətində müəyyən institusional mexanizmlər – sığınacaqlar, psixoloji və hüquqi yardım xidmətləri fəaliyyət göstərir. Lakin bu mexanizmlərin effektivliyi və əhatə dairəsi daha da genişləndirilməlidir. Xüsusilə uzunmüddətli sosial reinteqrasiya – məşğulluq imkanlarının yaradılması, peşə hazırlığı proqramlarının təşkili və sosial adaptasiya tədbirlərinin gücləndirilməsi vacibdir. Qurbanların cəmiyyətə tam qayıdışı yalnız ilkin yardım mərhələsi ilə deyil, davamlı dəstək proqramları ilə təmin olunmalıdır. Bu baxımdan dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının sayının artırılması və onların fəaliyyətinə sistemli dəstəyin verilməsi xüsusi əhəmiyyət kəsb edir.
2. Sosial şəbəkələr və iş elanları platformaları insan alverində hansı rolu oynayır və bu sahədə nəzarət necə gücləndirilə bilər?
Müasir dövrdə insan alverçiləri daha çox sosial şəbəkələr, onlayn iş elanları və müxtəlif vasitəçi platformalar üzərindən fəaliyyət göstərirlər. Bu platformalar həm potensial qurbanların cəlb olunması, həm də cinayətkarların anonimliyinin qorunması üçün əlverişli mühit yaradır. Bu səbəbdən rəqəmsal mühitdə nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Platforma sahibləri üçün hüquqi öhdəliklərin artırılması, şübhəli elanların avtomatik aşkarlanması üçün texnoloji alətlərin tətbiqi, həmçinin dövlət qurumları ilə texnologiya şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdən olmalıdır.
3. İş vədi ilə aldadılma hallarının qarşısını almaq üçün hansı preventiv tədbirlər gücləndirilməlidir?
İnsan alverinin ən geniş yayılmış formalarından biri məhz saxta iş vədləri ilə bağlıdır. Bunun qarşısını almaq üçün lisenziyalaşdırılmış işə düzəltmə agentliklərinin fəaliyyətinə ciddi nəzarət olunmalı, qeyri-rəsmi vasitəçilik fəaliyyəti isə sərt şəkildə cəzalandırılmalıdır. Eyni zamanda vətəndaşların xaricdə işlə təmin olunması prosedurları daha şəffaf və əlçatan edilməlidir. Dövlət məşğulluq xidmətlərinin imkanlarının genişləndirilməsi, risk qruplarına yönəlik xüsusi maarifləndirici proqramların hazırlanması da preventiv tədbirlər sırasında mühüm yer tutur.
4. Cəmiyyət olaraq belə halları daha tez aşkar etmək üçün hansı maarifləndirmə addımları atılmalıdır?
Cəmiyyətin bu məsələdə həssaslığının artırılması insan alverinə qarşı mübarizənin əsas istiqamətlərindən biridir. Maarifləndirmə işinin genişləndirilməsi, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının sayının artırılması və onların fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi zəruridir. Sosial şəbəkələrdə və televiziya kanallarında maarifləndirici materialların, videoçarxların yayımı, bu mövzuda serial və filmlərin çəkilməsi, təhsil müəssisələrində və icmalarda məlumatlandırıcı tədbirlərin təşkili mühüm rol oynaya bilər.
Eyni zamanda ictimai nəzarət mexanizmləri gücləndirilməli, vətəndaşların şübhəli halları aidiyyəti qurumlara operativ şəkildə çatdırması təmin olunmalıdır. Bu məqsədlə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində fəaliyyət göstərən “152” qaynar xətti 24 saat xidmət göstərir və vətəndaşların müraciətləri üçün əlçatan platforma rolunu oynayır.
İnsan alverinə qarşı mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, sosial, iqtisadi və informasiya siyasətinin uzlaşdırıldığı kompleks yanaşma əsasında aparılmalıdır. Dövlət, vətəndaş cəmiyyəti və media arasında koordinasiyalı fəaliyyət bu təhlükəli cinayətin qarşısının alınmasında həlledici rol oynayır”.
Cəmilə Cəfərzadə






