Səfir “Shahed” deyir, faktlar “Arash-2”: Naxçıvan səmasında hansı dron uçub? - Hər iki dron arasındakı fərqlər
2026-cı il martın 5-də İran tərəfindən Naxçıvana endirilən dron zərbələri iki ölkə arasında gərginliyi artırıb. Hadisə zamanı dronlardan biri Naxçıvan Hava Limanının terminalına, digəri isə yaxınlıqdakı Şəkərabad kənd məktəbinin yanına düşüb. Dron hücumu nəticəsində xəsarət alan 4 nəfərdən 2 nəfərə barotravma, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Hücumdan sonra isə İran hökuməti zərbələri təkzib edərək, məsələni araşdıracağını vəd edib. Lakin hadisə ilə bağlı müzakirələr son günlər yenidən gündəmə gəlib. Belə ki, Baku TV-nin baş redaktoru Turan İbrahimovun İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə gərgin keçən müsahibəsi zamanı Naxçıvana endirilən dronun növü ilə bağlı fikir ayrılığı yaranıb.
Müsahibə zamanı jurnalist T. İbrahimov dronların “Arash-2” modeli olduğunu bildirib. Onun sözlərinə görə, İran ordusu qiyafəsində olan şəxslər tərəfindən yaxın məsafədən qurğular yerləşdirilərək həmin dronlar havaya qaldırılıb və zərbələr endirilib.
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu isə bu iddianı təkzib edib. Səfir bildirib ki, ona Azərbaycandan verilən məlumata görə, söhbət “Shahed” tipli dronlardan gedir.
Bu mübahisə Naxçıvana endirilən dronların hansı model olması ilə bağlı sualları yenidən gündəmə gətirib.
Patrul.az mövzu ilə bağlı araşdırma apararaq “Shahed” və “Arash-2” dronları arasındakı əsas fərqləri təqdim edir.
“Arash-2” İran ordusunun (“Artesh”) quru qoşunları tərəfindən istifadə olunur və xüsusilə strateji hədəfləri – məsələn, radar sistemlərini və şəhərləri uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulub. Bu dron “Shahed” ilə müqayisədə xeyli böyük döyüş başlığına malikdir.
Məlumata görə, “Arash-2” təxminən 150 kq partlayıcı daşıya bilir. Bu xüsusiyyət onu faktiki olaraq “yavaş sürətli qanadlı raket” səviyyəsinə yaxınlaşdırır.
“Arash-2” daha sürətli hesab olunur və təxminən saatda 450 kilometr sürətlə uça bilir. Bəzi versiyalarının reaktiv mühərriklə təchiz oluna bildiyi bildirilir. Bundan əlavə, dron hədəf üzərində patrul etmə, yəni müəyyən müddət dolanaraq zərbə üçün optimal anı seçmə qabiliyyətinə malikdir.
Bu model əsasən güclü müdafiə olunan hərbi obyektlərə və infrastruktura qarşı uzun məsafəli strateji hücumlar üçün nəzərdə tutulur. “Arash-2” tez-tez “Shahed-136” ilə müqayisədə daha uzun mənzilli və daha ağır zərbə dronu kimi təsvir edilir.
“Arash-2” strateji və yüksək dəyərli hədəflər üçün nəzərdə tutulub, daha böyük dağıdıcı gücə malikdir və dərin zərbə missiyalarını həyata keçirmək üçün daha uzun mənzilə sahibdir. Bununla yanaşı, “Shahed”lə müqayisədə bu dronların kütləvi şəkildə istifadə olunmasına dair daha az sübut var. Digər tərəfdən, raketlərlə müqayisədə yenə də nisbətən yavaş hesab olunur.
Bu dronun güclü tərəflərinə uzun müddət havada qalmaq və müşahidə aparmaq imkanları daxildir. O, hədəfləri müəyyən edə və zərbə endirə bilir. Həmçinin bəzi versiyaları təkrar istifadə edilə bilən təyyarə tipli pilotsuz uçuş aparatları kimi qiymətləndirilir.
Zəif tərəflərinə isə ölçülərinin daha böyük olması səbəbindən kiçik dronlarla müqayisədə daha asan aşkarlanması, həmçinin nəzarət əlaqələri və xüsusi infrastruktur tələb etməsi daxildir.

“Shahed-136” isə daha çox İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirilir. Bu dron infrastruktura qarşı kütləvi “dron sürüsü” hücumları üçün istifadə olunan kamikadze tipli sursatdır. “Shahed-136”ın döyüş başlığı daha kiçikdir və adətən 40-50 kq civarında olur. Bu dron pərli mühərriklə işləyir, buna görə də daha yavaş və səsli uçuş xüsusiyyətinə malikdir.
“Shahed-131” isə “Shahed-136” modelinin daha kiçik versiyası hesab olunur. Onun uçuş mənzili təxminən 900 kilometrdir. Döyüş başlığı daha kiçikdir və ölçüləri daha yüngül və kompaktdır. Bu model tez-tez “Shahed-136” ilə birlikdə istifadə olunur və qarışıq dron dalğaları yaradaraq müdafiə sistemlərinin qarşısında daha çox hədəf meydana çıxarır.

Bu dronlar arasındakı əsas fərqlərə gəldikdə, “Shahed-136” əsasən infrastruktura qarşı kütləvi hücumlar üçün istifadə olunan səyyar sursatdır və uçuş mənzili təxminən 2000 kilometr hesab olunur.
“Arash-2” isə uzaq mənzilli intiharçı dron kimi xarakterizə olunur və strateji dərin zərbələr üçün nəzərdə tutulub. Onun mənzilinin 2000 kilometrdən çox olduğu bildirilir.
“Shahed-131” isə daha kiçik döyüş sursatı daşıyan dron kimi doyma hücumları üçün nəzərdə tutulur və təxminən 900 kilometr uçuş mənzilinə malikdir.
İran pilotsuz uçuş aparatlarından çoxqatlı strategiya çərçivəsində istifadə edir. Bu strategiyaya görə, əvvəlcə “Mohajer” seriyalı dronlar vasitəsilə hədəflər müəyyən edilir, daha sonra “Shahed” seriyası ilə müdafiə sistemləri zəiflədilir və sonda uzaq mənzilli zərbə dronları – məsələn, “Arash-2” – strateji obyektlərə qarşı istifadə olunur. Bu yanaşma İrana yalnız bahalı ballistik raketlərə etibar etmədən, nisbətən ucuz vasitələrlə uzun mənzilli hərbi əməliyyatlar aparmaq imkanı verir.
Hər iki dron nəzəri olaraq təxminən 2000 kilometr məsafəyə çata bilir. Lakin “Arash-2”nin daha mürəkkəb naviqasiya sistemləri və optik sensorlarla təchiz edildiyi bildirilir.
Turan İbrahimovun müsahibədə səsləndirdiyi “yaxın məsafədən qaldırılma” iddiası da məhz “Arash-2”nin mobil qurğulardan sürətlə buraxılması və qısa müddətdə hədəfə çatması xüsusiyyətinə əsaslanır.
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu isə müsahibə zamanı məsuliyyəti rədd edərək, bu vasitələrin İran ordusuna aid olmadığını və ya məlumata görə fərqli model – “Shahed” dronları olduğunu iddia edib.

Gülbəniz Səfərova






